Gündəm, Siyasət, Cəmiyyət
28 noyabr 2022
303
Heydər Əliyev daima yaddaşlarda yaşayacaqdır!
Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin anım günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir. Heydər Əliyev respublika rəhbərliyinə gəlişi ilə həyatın ritmini dəyişdi.
Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, Naxçıvan həyatının bəzi anları əksini tapıb. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi.
1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Dalğalar bu gəmini hər an qayalara çırpıb batıra bilərdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.
Çətinlik isə bir deyildi, iki deyildi. Dövlət xəzinəsi tamam boşalmışdı. Ölkə iqtisadiyyatı dərin böhran yaşayırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım idi. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoyacaqdılarmı? 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğu yadınızdadırmı: Onun gözləri gülür, neftli əlini üzünə çəkir və bu unudulmaz an fotoobyektivin yaddaşına köçür.
Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq!
Xudaverdi Əliyev
ATİAHİ Sumqayıt şəhər komitəsinin sədri
Daha çox xəbər:
Səttar Möhbalıyev: “Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı ol ...
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəHeydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Gündəm, Cəmiyyət, ÖlkəUlu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə özünəməxsus töhfələr vermi ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəBu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ...
Gündəm, Siyasət