Gündəm, Siyasət, Cəmiyyət
12 dekabr 2022
289
Heydər Əliyev – dahi şəxsiyyət və tarix yazmış fenomen
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi. Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.
Bəli, xalqın irəlidə – Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider yalnız İlham Əliyev idi. Prezident İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez-tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi Ümummilli Lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdı. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: «Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».Bəli, 19 il prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir – Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasının təmin edilməsi, ölkəmizin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, onun xalqını daha uğurlu gələcək gözləyir. Azərbaycanın dahi oğlu Ümummilli Lider Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!
Fuad Hacıyev
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru
Daha çox xəbər:
Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası
Gündəm, Siyasət, ÖlkəHeydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xad ...
Gündəm, Siyasət, ÖlkəHeydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu
Gündəm, Cəmiyyət, ÖlkəQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəHeydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xad ...
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə