Gündəm, Cəmiyyət, Ölkə
02 dekabr 2022
437
Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu
Yeni Azərbaycan Partiyası ölkənin həyatında müstəsna rol oynayan, gələcəkdə də bu tarixi missiyanı şərəflə davam etdirməyə qadir olan, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan siyasi partiya olaraq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərini təmin edilməsində mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan şərəfli bir yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Ulu Öndər Heydər Əliyev fenomeni, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub.
Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünki dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Yaranma tarixinə nəzər salsaq, görərik ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda yaradıldı.
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur: “Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Azərbaycanın gücü 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edilməsi ilə nəticələndi. Müəzffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Azərbaycanın bugünki və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib. Ötən 19 il, aydın şəkildə göstərdi ki, Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində dövlət başçısı verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir.
Zaur Muradov
YAP İsmayıllı rayon Təşkilatının sədri
Daha çox xəbər:
Səttar Möhbalıyev: “Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı ol ...
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəMİLLİ VARLIĞIMIZIN XİLASKARI
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəUlu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə özünəməxsus töhfələr vermi ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəEldar Quliyev: Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummill ...
Siyasət