Gündəm, Ölkə
12 iyul 2023
300
Zakir Fərəcov sahibkarları boğaza yığıb… – GİLEY
Xəbər verdiyimiz kimi, Sumqayıt bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, həmin tikinti işlərini həyata keçirən sahibkarlar 3 ildən artıqdır icra başçısından pullarını ala bilmirlər. Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.
Qeyd eək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar sahibkarlar və işçilər növbəti dəfə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Onlar bildirirlər ki, 3 ilə yaxındır pullarını Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb: “Biz Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik. Ancaq onu bilirik ki, bu adam nə qanun sayır, nə qayda bilir, nə də kimsədən qorxusu var. Əgər belə olmasaydı, dövlətin pulunu asanlıqla mənimsəyib, bizə ildir yaranmış borcunu qaytarardı”.
İş adamları daha sonra qeyd edirlər ki, onlar bütün imkanlardan yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün bütün barışıq təkliflərindən, ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini qeyd etsələr də, icra başçısı bunu qəbul etmir. “Biz dəfələrlə Zakir Fərəcovun qəbulunda olmuşuq. Hər dəfə bizi öz halal pulumuzu istədiyimizə görə təhdid edib. Deyir ki, əgər puldan imtina etməsək, bizi həbs etdirəcək. Son dövrlər isə bu məsələni elə bir həddə çatdırıb ki, Sumqayıt şəhərinə nəinki işlə bağlı, hətta yaxınlarımızı ziyarət etməyə imkanımız yoxdur. Çünki Zakir Fərəcov Sumqayıta ayaq basacağımız təqdirdə, hamımızı həbs etdirəcəyi ilə hədələyib. Biz hüquqi bir ölkədə yaşayırıq. Bir icra başçısının özünü qanundan üstün bilməsi, özbaşınalıqla məşğul olması, sahibkarı, işçini həbslə hədələməsi onun əndazələri aşmasının, qanunları saya salmamasının təzahürüdür. Bunun başqa adı yoxdur. Biz cəngəllikdə yaşamırıq. Zakir Fərəcovun özünü harada hiss etməsi isə çox maraqlıdır. Ona görə ki, qanunları saymadan, onlara məhəl qoymadan, qorxusuz, hürküsüz dövlətin və sahibkarların pulunu mənimsəməsi üçün bir icra başçısı ya çox arxayın olmalı, ya kimsədən qorxmamalı, ya da hansısa bir qüvvənin təsiri altında olmalıdır”.
Sahibkarlar daha sonra müraciətlərində vurğulayırlar ki, hazırda həyata keçirilən islahatlar nəticəsində bir çox yeniliklərə imza atılıb, xeyli işlər görülüb. Onların sözlərinə görə, indiyə qədər cəzasız qalan bir çox məmurlar da bu islahatlardan payını alacaqlar. “Hörmətli prezident! Nazir Sahil Babayevi qəbul edərəkən bu ölkənin, habelə iqtidarımızın adına ləkə gətirən icra başçılarına çox yerində və gözəl bir şəkildə qiymət verdiniz. Bəyan etdiniz ki, qanunsuzluqla, özbaşınalıqla, fəhlənin haqqını yeməklə məşğul olan keçmiş icra başçıları layiqli cəzalarını alıblar və bundan sonra da alacaqlar. Bizi sizi alqışlayır və dəstəkləyirik. Həqiqətən də ölkəmizdə sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən icra başçıları, məmurlar var. Onlar elə zənn edirlər ki, xan, bəy və ya ağadırlar. Hamıya yuxarıdan aşağı baxırlar, xərac toplayırlar, dövlətin pullarını şəxsi vəsaitləri kimi mənimsəyirlər. Onlar o qədər öz hədlərini aşıblar ki, Sizin yürütdüyünüz siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edirlər. Belə icra başçılarından biri də Zakir Fərəcovdur. Düz 3 ildir, sizin bəyənib, “qısa müddətdə bu işləri görmək möcüzədir” dediyiniz həmin möcüzəni reallığa çevirən biz sahibkarların pullarını vermir. Bu azmış kimi, bizi hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. O təkcə bizim deyil, daha neçə-neçə iş adamlarının da haqqını mənimsəyib. Hətta onlar arasında xarici iş adamları da var. Biz əminik ki, Siz Zakir Fərəcovla bağlı ölçü götürəcək, onun layiqli cəza almasını təmin edəcəksiniz”.
İş adamları onu da qeyd edirlər ki, indiyə qədər etdikləri müraciətlərin bəzi təsirləri olsa da, bu hələ də onların problemlərinin həllinə gətirib çıxarmayıb. “Bu günə qədər etdiyimiz müraciətlərə müsbət yanaşılsa da, indiyə qədər problemimiz həll olunmamış qalıb. Lakin biz əminik ki, sözlərimiz sizə çatdıqdan sonra müraciətimizə baxıb, lazımi göstərişlər verəcəksiniz. Çünki siz hər zaman zəhmətkeş insanların, sahibkarların, işçilərin yanında olmusuz, onlara dəstək vermisiniz və hər zaman himayəniz altında saxlamısınız. Şübhəsiz ki, bu ənənə bundan sonra da davam edəcək. Ona görə də, sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılmasında, yəni, 3 ilə yaxındır halal haqqımız olan pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, bizə verilməsinə köməklik edəsiniz. Bizim sizdən başqa güvənəcəyimiz kimsəmiz yoxdur. İnanırıq ki, səsimizi eşidib, Zakir Fərəcov haqqında hüquqi tədbirlərin görülməsini təmin edəcəksiniz
cumhuriyyet.net
Daha çox xəbər:
Sahibkarların Pulunu Mənimsəyən Zakir Fərəcovun Yeni Bəhanəsi: “Məni Işdən ...
Gündəm, ÖlkəZakir Fərəcov məzuniyyət qadağasına əməl etmədi – İcra başçısının Avropada ...
Gündəm, ÖlkəSumqayıtda sahibkarlarla “qızıl zəmanət” qalmaqalı: “30 faiz Zakir Fərəcova ...
Gündəm, ÖlkəFərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdirinin birgə əməliy ...
Gündəm, SosialZakir Fərəcov işdən azad edilir – Maliyyə fırıldağına görə
Gündəm, Ölkə