Gündəm, Siyasət, Ölkə
04 noyabr 2023
512
8 Noyabr - Zəfər Günü tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı
Zəfər - bu söz insana nə qədər qürur və sevinc bəxş edir!
Mənən ucalırsan, ruhən dəyişirsən, sanki başqa cür olursan!
Qalib ölkənin qalib vətəndaşı kimi təkcə digərlərinin nəzərində deyil, öz gözündə də yüksəlirsən!
Düşməni məğlub və məhv etdiyinə, torpaqlarını murdar ləpirlərdən təmizlədiyinə, şəhid balalarının qisasını aldığına görə özündən razı qalırsan!
Həm də bu qələbəni sənə bəxş edən qüdrətli Sərkərdəyə, qalib ordunun Müzəffər Ali Baş Komandanına dərin təşəkkür və minnətdarlıq hissi duyursan. Qələbənin dəyərini məğlubiyyət acısını uzun müddət çəkənlər daha yaxşı bilər!
Qələbənin dəyərini onun hansı zəhmət, əziyyət, çabalar hesabına, qurbanlar bahasına qazanıldığını dərindən anlayanlar daha yaxşı bilər!
Qələbənin dəyərini qəhrəmanlar, şəhidlər, qazilər yetişdirənlər, onların adını, əməlini və xatirəsini daim yüksək tutanlar daha yaxşı bilər!
44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib və vüqarlı dövlətə çevirdi!
44 gün ərzində Azərbaycan əsgər və zabiti ölkənin ərazi bütövlüyünü əbədilik bərpa etdi!
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə qələbə ili kimi qeyd edildi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu.
Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu. Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı.
Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir.
Bu gün, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin 3 ili tamam olur. Azərbaycan bu gün Zəfər Gününü qeyd edir. Azərbaycan heç kimin gözləmədiyi, kimsənin inanmadığı bir iş gördü. Torpaqlarının böyük hissəsini işğaldan azad etməklə Azərbaycan dövləti qətiyyətini, gücünü, qüvvəsini, əzmini nümayiş etdirdi.
Suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan, oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Xankəndinin əsas meydanından xalqa müraciət edən Prezident İlham Əliyev ilk gündən xalqa verdiyi sözü yerinə yetirmək üçün xalqı səfərbər edərək gecə-gündüz necə çalışdığını belə ifadə etdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində – Ağdərə, Əsgəran, Xankəndi, Xocalı və Xocavənddə dalğalanır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tarixi hadisə oldu. Təqvimə qırmızı rənglə düşəcək bu tarixi gün həm də Azərbaycan Prezidentinin 20 illik gərgin, məqsədyönlü fəaliyyətinin nəticəsi, zəfər zirvəsi idi. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan lider oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Müzəffər Ali Baş Komandan Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz bu ildə tamamlanması rəmzi məna daşıyır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfədir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirildi: 2023-cü il oktyabrın 15–də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni – tam qələbə xəbərini verdi;
Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz 2023-cü ildə milli dövlətçiliyimiz Prezident İlham Əliyevin hər incə detalına qədər düşünülmüş planı reallaşdırması nəticəsində əldə olunmuş Xankəndi Zəfəri ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu.
Bu şanlı tarixi bizə yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, çətin və şərəfli missiyasında böyük uğurlar arzulayıram. Qoy, bu tarixi günlərdə Azərbaycan Respublikasının suverenliyi uğrunda, haqq-ədalət uğrunda öz canını fəda etmiş şəhidlərimizin və bütün həyatını Azərbaycanın parlaq gələcəyi uğrunda çıraq kimi yandıran Ümummilli Lider Heydər Əliyevin əziz ruhları şad olsun! Qarabağ bizim əzəli torpağımızdır, bundan sonra da əbədi olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq!
Vəzir Həsənov
Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi
Daha çox xəbər:
İLHAM ƏLİYEV: Adını ölkə və dünya hərb tarixinə həkk etmiş müzəffər sərkərd ...
Gündəm, CəmiyyətİLHAM ƏLİYEV: Adını ölkə və dünya hərb tarixinə həkk etmiş müzəffər sərkərd ...
Gündəm, Siyasət, Cəmiyyətİlham Əliyevin rəhbərliyi ilə yazılan yeni şanlı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəAli Baş Komandanımız və güclü Ordumuz sayəsində Qarabağımıza qovuşduq
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəZəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosial