Gündəm, Dünya, İdman
31 iyul 2024
88

Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarındakı Çempionluqdan Danışdı: "Sevincimdən Bütün Gecəni Yata Bilməmişəm"

Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarındakı Çempionluqdan Danışdı: "Sevincimdən Bütün Gecəni Yata Bilməmişəm"

"Sevincimdən bütün gecəni yata bilməmişəm. Ağır döyüşlər keçirməyimə baxmayaraq, yorğunluq hiss etmirəm. Çempionluq mənə enerji verib. Hətta müəllimim Elnur Məmmədliyə deyirəm ki, yenə olsa, bir daha güləşərəm," - bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

Heydərov, 73 kiloqram çəki dərəcəsində rəqabətin çətin olduğunu qeyd edib: "Hər idmançı olimpiada kimi vacib turnirə ciddi hazırlaşır. Amma 73 kiloqramda çıxış edən bütün cüdoçular mənə fokuslanmışdılar. Çünki mən bu çəkidə dünya reytinqinin ilk pilləsindəyəm və may ayında dünya çempionu titulunu qazanmışdım. Rəqiblərim mənə böyük təhlükə kimi baxırdılar və hər biri mənimlə döyüşə olduqca ciddi yanaşırdı."

O, həmçinin qeyd edib ki, çempionluq yolunda onun yanında olan və ona dəstək verən Elnur Məmmədli ona böyük təsir göstərib: "Şanslıyam ki, yanımda Elnur Məmmədli kimi təcrübəli bir Olimpiya çempionu var. Düşünürəm ki, illər öncə o da özü kimi birindən dəstək alsaydı, yenidən çempion ola bilərdi. Çox xoşbəxtəm ki, yanımda belə bir insan var."

Xatırladaq ki, Hidayət Heydərov olimpiadada səkkizdəbir finalda İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.