Gündəm, Siyasət, Ölkə
06 avqust 2024
86
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının Katibi Sergey Şoyqunu Qəbul Edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd edib.
İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti bunun yüksək səviyyədə təmaslarda, imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini bildirib. Prezident İlham Əliyev bu məsələlərlə bağlı Prezident Vladimir Putin ilə mütəmadi müzakirələrin aparıldığını qeyd edib.
Hökumətlərarası komissiyanın fəal işlədiyini bildirən dövlətimizin başçısı bu yaxınlarda Bakıda komissiyanın iclasının keçiriləcəyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd edib.
Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.
Sergey Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu deyib. Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat və iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, ikitərəfli əməkdaşlığın gündəliyində mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini deyib. Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirən Sergey Şoyqu, bu işlərin üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.
Sergey Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib. Görüşdə "3+3" formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Söhbət zamanı ümummilli lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində ulu öndərin böyük rolu bir daha qeyd edilib və Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulanıb.
Daha çox xəbər:
Prezident İlham Əliyev: “Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğ ...
Siyasətİlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Admin ...
SiyasətPrezident Putinə zəng etdi
Siyasətİlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
Siyasətİlham Əliyev Vladimir Putinə məktub yazıb
Gündəm, Siyasət