Gündəm, Siyasət
23 avqust 2024
86

Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə beynəlxalq konfrans təşkil etdi

Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə beynəlxalq konfrans təşkil etdi

Müasir dövrdə bəzi dövlətlərin xarici siyasəti müstəmləkəçilik prinsiplərinə əsaslanır. Xüsusilə Qərb dövlətləri zəif iqtisadi və siyasi gücə malik ölkələri öz təsir dairələrinə salaraq onları asılı vəziyyətə gətirirlər. Tarixi təcrübələr göstərir ki, bu, adətən iqtisadi asılılıqla başlayır və daha sonra təhsil, din, mədəniyyət vasitəsilə gücləndirilir. Beləliklə, iri dövlətlər həmin bölgələrdə təsir imkanlarını artırırlar.

Azərbaycan isə həmişə müstəmləkəçiliyə və işğalçılığa qarşı mübarizə aparıb. Bu, rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Azərbaycan otuz il ərzində işğalçılığa və haqsızlığa məruz qalıb və indi də haqsızlığa məruz qalan ölkələrin yanında olmaq və onların səsini dünya ictimaiyyətinə çatdırmaq məqsədini güdür.

Artan nüfuzu ilə Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləməyə daha çox imkan əldə edir. Bu gün rəsmi Bakı dünya dövlətləri ilə hesablaşır və müstəmləkəçiliyə məruz qalan dövlətlərin haqq səsini qorumaq iqtidarındadır. Bu çərçivədə avqustun 22-də Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyr adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.