Gündəm, Siyasət
10 may 2025
220
Yasamal rayon prokuroru Elman Süleymanov: “ Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür”

Azərbaycan xalqının tarixində elə şəxsiyyətlər var ki, onların adı, gördüyü işlər və qoyduğu irs zaman keçdikcə daha da ucalır, nəsillərin yaddaşında silinməz iz buraxır. Belə nadir şəxsiyyətlərdən biri, bəlkə də birincisi, müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Bu gün – 10 may, dahi rəhbərin anadan olmasından 102 il ötür. Hər il olduğu kimi bu gün də ölkəmizin hər yerində onun əziz xatirəsi dərin ehtiramla yad olunur. Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edənlərdən biri də Yasamal rayon prokuroru Elman Süleymanovdur.
Elman müəllim qeyd edir ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının milli kimliyinin, dövlət müstəqilliyinin və ədalətli cəmiyyət arzusunun simvoluna çevrilib:
“Heydər Əliyev elə bir lider idi ki, o, təkcə bir dövrün deyil, bütün bir xalqın və gələcək nəsillərin taleyini dəyişdi. Onun uzaqgörən siyasəti sayəsində bu gün biz müstəqil, güclü, ədalətə və qanunun aliliyinə söykənən bir dövlətdə yaşayırıq.”
Ulu Öndərin həyat yoluna nəzər saldıqda, onun keçdiyi mərhələlərin hər biri bir məktəb, bir örnəkdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilərkən Heydər Əliyev ölkəmizi geridə qalmış iqtisadiyyatdan sənaye potensialı yüksək bir respublikaya çevirdi. Onun rəhbərliyi ilə Azərbaycanda elm, təhsil, mədəniyyət, sənaye və kənd təsərrüfatı sahələrində genişmiqyaslı islahatlar həyata keçirildi.
Elman Süleymanov vurğulayır ki, Heydər Əliyev öz siyasi fəaliyyətinin bütün mərhələlərində qanunun aliliyinə və ədalətə sadiq idi. Bu prinsip bu gün də Azərbaycan dövlətinin əsas dayaqlarından biridir: “Heydər Əliyev hüquq-mühafizə orqanlarının rolunu çox yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, dövlətin gücü qanunun gücündədir. Biz, prokurorluq işçiləri, bu ideyanı rəhbər tutaraq, hər bir qərarımızı ədalət və qanun çərçivəsində qəbul etməyə borcluyuq.”
Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində yaratdığı sistem, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, əslində liderin qoyduğu siyasi kursun həyatiliyini, onun ideyalarının dövrləri aşan qüdrətini təsdiqləyir. Elman Süleymanov hesab edir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi nailiyyətlər Heydər Əliyev irsinin parlaq davamıdır: “Bu gün ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının qorunması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar Ulu Öndərin müəyyən etdiyi strateji xəttin təntənəsidir. Bizim borcumuz həmin ideyaları qoruyub, gələcək nəsillərə çatdırmaqdır.”
Elman müəllim qeyd edir ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mərkəzində insan amili dayanırdı. Ulu Öndər hər zaman xalqına arxalanır, onun rifahı üçün çalışırdı. O, ədaləti, vicdanı, vətənpərvərliyi dövlət quruculuğunun əsas prinsiplərinə çevirə bildi. Bu gün prokurorluq orqanlarının fəaliyyətində də həmin prinsiplər əsas istiqamət kimi qorunur.
Yasamal rayon prokuroru hesab edir ki, Heydər Əliyevin ən böyük xidməti – müstəqil Azərbaycan dövlətinin qurulması və qorunmasıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər, dağılmaq və vətəndaş qarşıdurması ərəfəsində olan bir dövləti xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini əbədi və dönməz etdi.
“Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, bəlkə də bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq çətin olardı. O, dövlətçiliyimizi yenidən qurdu, ordu quruculuğunu formalaşdırdı, sabitlik yaratdı və xalqın gələcəyinə inam aşıladı.”
Bu gün Azərbaycan xalqı həmin sabitlik və inamın bəhrəsini görür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyanın siyasi xəritəsində söz sahibi olan bir dövlətə çevrilib. 2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi Qələbə də məhz Heydər Əliyevin yaratdığı dövlət idarəçiliyi modelinin və İlham Əliyevin uğurlu liderliyinin nəticəsidir.
Elman Süleymanov Ulu Öndərin həyat və fəaliyyətini həm də nəsillər üçün mənəvi məktəb adlandırır:
“Heydər Əliyev Azərbaycan gəncliyi üçün bir idealdır. Onun vətənə sədaqəti, dövlətinə məhəbbəti, xalqına xidməti hər bir gənc üçün örnək olmalıdır. Biz hüquq-mühafizə orqanlarında çalışanlar da bu məktəbin yetirmələriyik və onun prinsiplərinə əməl etmək bizim mənəvi borcumuzdur.”
Yasamal rayon prokurorluğunda hər il 10 may – Ulu Öndərin doğum günü xüsusi ehtiramla qeyd olunur. Həmrəy kollektivin iştirakı ilə keçirilən tədbirlərdə Heydər Əliyevin dövlətçiliyə, hüquq sisteminə və ədalət prinsiplərinə verdiyi töhfələr xatırlanır. Elman Süleymanov vurğulayır ki, bu tədbirlər təkcə anım mərasimi deyil, həm də and mərasimidir – qanunun keşiyində durmaq, dövlətin mənafeyini qorumaq, vətəndaşların hüquqlarına sahib çıxmaq andı.
Elman müəllim Ulu Öndərin bir fikrini xüsusilə tez-tez xatırladır: “Qanunun aliliyi təmin olunmadan, dövlətin möhkəmliyi mümkün deyil.”
Bu sözlər, prokurorun fikrincə, hər bir hüquq-mühafizə orqanı əməkdaşının həyat devizi olmalıdır.
Heydər Əliyev şəxsiyyəti həm də xalqının birliyini təmin edən mənəvi sütundur. O, millətini parçalanmaqdan qorudu, milli həmrəyliyi formalaşdırdı və “Azərbaycançılıq” ideologiyasını dövlət siyasətinə çevirdi. Bu gün bu ideologiya Azərbaycanın həm daxili siyasətində, həm də beynəlxalq münasibətlərində aparıcı xətt kimi qəbul edilir.
Elman Süleymanov sonda bildirir ki, Ulu Öndərin ruhu bu gün hər bir azərbaycanlının ürəyində, dövlət idarəçiliyinin hər bir sahəsində, ədalət mühakiməsinin hər bir addımında yaşayır.
“Heydər Əliyev – bu xalqın yaddaşında əbədiyyətə qovuşmuş bir addır. Onun qurduğu dövlət, yetişdirdiyi liderlər və yaratdığı ideologiya bizim gələcəyimizin təminatıdır.”
Bu gün, Ulu Öndərin 102 illik yubileyində, Azərbaycan xalqı böyük qürur hissi ilə onun ölməz xidmətlərini yad edir. Yasamal rayon prokuroru Elman Süleymanovun da dediyi kimi,
“Heydər Əliyev yalnız keçmişimizin deyil, həm də bu günümüzün və gələcəyimizin Lideridir.”
Ədalətin, hüququn və dövlətçiliyin keşiyində dayanan hər bir vətəndaş üçün Heydər Əliyevin adı bir məsuliyyət, bir ilham mənbəyidir.
Ulu Öndər Heydər Əliyev – əbədiyaşar lider, müasir Azərbaycanın banisi, ədalətin və dövlətçiliyin simvoludur.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:

Yasamal rayon prokuroru Elman Süleymanov: “Qanunun aliliyinə naminə”
Gündəm, Ölkə
“Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimo ...
Gündəm, Siyasət, Ölkə
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ...
Gündəm, Siyasət, Ölkə
Ulu Öndər Heydər Əliyev yeni Azərbaycanın qurucusu və banisidir
Gündəm, Siyasət, Ölkə
Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağl ...
Gündəm, Cəmiyyət, Ölkə