Gündəm, Siyasət, Ölkə
06 noyabr 2025
82

Balababa Rzayev: “8 Noyabr Zəfər Günüdür – Azərbaycan xalqının iradə və birliyinin təntənəsidir”

Balababa Rzayev: “8 Noyabr Zəfər Günüdür – Azərbaycan xalqının iradə və birliyinin təntənəsidir”
Azərbaycan xalqı tarixi Qələbəmizin – 8 Noyabr Zəfər Gününün beşinci ildönümünü böyük qürur və fəxarətlə qarşılayır. 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşməni diz çökdürərək torpaqlarımızı işğaldan azad etdi.
Bu Zəfər, əsrlər boyu qəhrəmanlıq dastanları ilə tanınan xalqımızın yenilməzliyinin, dövlətimizin siyasi və hərbi qüdrətinin bariz göstəricisidir.
“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev 8 Noyabr Zəfər Gününün əhəmiyyətindən danışarkən bildirir:
“8 Noyabr Zəfər Günüdür! Bu, xalqımızın milli həmrəyliyinin, dövlətimizin qüdrətinin və Ali Baş Komandanımızın uzaqgörən siyasətinin təntənəsidir. Bu Qələbə ilə Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də ədaləti, haqlılığını, tarixi ləyaqətini bərpa etdi.”
Balababa Rzayev qeyd edir ki, bu tarixi Qələbənin təməlində illərlə düşünülmüş və sistemli şəkildə həyata keçirilən dövlət strategiyası dayanırdı.
“Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən başlayaraq ölkədə güclü ordu quruculuğu siyasətini prioritet istiqamət elan etdi. Bu illər ərzində Azərbaycan Ordusu dünyanın ən müasir silahları ilə təchiz olundu, hərbi ruh yüksək səviyyəyə qaldırıldı. Bu, sadəcə silah gücü deyildi — bu, inamın, vətən sevgisinin və xalqın liderinə bağlılığının gücü idi,” — deyə Rzayev vurğulayır.
“Azərenerji”nin rəhbəri bildirir ki, Azərbaycan xalqı tarixinin ən çətin anlarında belə birləşməyi bacaran xalqdır. Vətən Müharibəsi zamanı bu birliyin, həmrəyliyin gücü hər kəsi heyrətləndirdi.
“Ali Baş Komandanın ‘Dəmir yumruq’ ifadəsi əslində həmin birliyin rəmzi idi. O yumruq xalqın iradəsini, şəhidlərimizin qanını, qazilərimizin qəhrəmanlığını birləşdirən qüvvə idi. Biz bu Qələbəni yalnız silahla deyil, həm də ruhla qazandıq,” — deyə Balababa Rzayev qeyd edir.
O, həmçinin vurğulayır ki, 8 Noyabr Zəfər Günü həm də dövlətin gələcək inkişafına yeni stimul verdi.
“Bu Qələbədən sonra Azərbaycan regionda lider dövlət statusunu daha da möhkəmləndirdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa və quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini, idarəetmə bacarığını və xalqın dövlətə inamını nümayiş etdirir. Biz bu gün yalnız azad torpaqları deyil, həm də yeni bir həyat fəlsəfəsini qururuq,” — deyə o əlavə edir.
Balababa Rzayev “Azərenerji”nin bu istiqamətdə gördüyü işlərdən də söz açır.
“Dövlət başçısının tapşırığına əsasən, azad olunmuş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində böyük layihələr həyata keçirilir. Qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda yeni yarımstansiyalar, ötürücü xətlər, günəş və hidroelektrik stansiyalar inşa olunub. Bu, həm enerji təhlükəsizliyimizin təminatı, həm də ‘Yaşıl enerji zonası’ konsepsiyasının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.”
Rzayev bildirir ki, bu layihələr yalnız texniki və iqtisadi deyil, mənəvi baxımdan da simvolik məna daşıyır:
“Şuşada, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə enerji sisteminin yenidən qurulması o torpaqlarda həyatın bərpasıdır. Biz işıq aparırıq, həyat aparırıq, gələcək aparırıq. Bu, şəhidlərimizin ruhuna ən böyük hörmətdir.”
Balababa Rzayev sonda bütün xalqı qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək bildirib:
“Bu Qələbə hər birimizin qəlbində yaşayır. Bu, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, onun siyasi kursunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Biz bu Zəfərlə yalnız torpaqlarımızı deyil, həm də öz milli qürurumuzu geri qaytardıq. Azərbaycan xalqı artıq qalib xalqdır, dövlətimiz qalib dövlətdir.”
O əlavə edib ki, bu Zəfər hər bir azərbaycanlının məsuliyyətini daha da artırır:
“Biz qalib xalq olaraq, bu Qələbəni qorumaq, möhkəmləndirmək, gələcək nəsillərə ötürmək borcundayıq. Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq, regionda sülhün, inkişafın və tərəqqinin təminatçısı olacaq.”

Dilşad Əhmədova
Baş redaktor