Gündəm, Ölkə
05 oktyabr 2025
120
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyev: Zəhmət, fədakarlıq və işığa doğru yolun bayramı

Hər il 5 oktyabr tarixində dünyada və Azərbaycanda qeyd olunan Müəllimlər Günü, gələcək nəsillərin formalaşmasında misilsiz rolu olan müəllimlərə hörmət və ehtiramın ifadəsidir. Bu gün təkcə bir peşənin deyil, həm də müqəddəs bir missiyanın, elmə və maarifə sədaqətin, vətənpərvərlik və insanlıq dəyərlərinin təntənəsidir.
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin direktoru Elmurad Quliyev də bu əlamətdar gün münasibətilə bütün müəllimləri səmimi-qəlbdən təbrik edərək, onların cəmiyyətimiz üçün gördüyü əvəzsiz işləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, müəllimlik sadəcə bir peşə deyil, insanlara yol göstərən işıq, gələcəyin memarı olmaq məsuliyyətidir.
Elmurad müəllim bildirir ki, müəllim xalqın mənəvi dayaq sütunudur. O, cəmiyyətin tərəqqisi, dövlətin inkişafı üçün ən vacib amillərdən biri olan savadlı, vətənpərvər gəncliyin yetişdirilməsində mühüm rol oynayır. “Müəllimlər cəmiyyətin gələcəyini yaradırlar. Hər bir uğurlu insanın həyatında bir müəllimin izi, bir müəllimin təsiri var. Onlar fədakarcasına, səssiz, lakin dərin iz qoyan bir iş görürlər” – deyə Elmurad Quliyev vurğulayır.
O, həmçinin qeyd edir ki, Azərbaycan müəllimi Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən təhsilin inkişafına yönəlmiş siyasətin uğurla icrasına töhfə verir. Müəllimlərimiz təkcə dərs demir, onlar həm də gənclərdə milli-mənəvi dəyərləri, dövlətə sədaqət və vətən sevgisini aşılayırlar.
Elmurad müəllim, rəhbərlik etdiyi musiqi məktəbinin kollektivindən də qürurla danışır. O bildirir ki, burada çalışan müəllimlər təkcə notları öyrətmir, həm də uşaqlarda incəsənət sevgisini, estetik zövqü, milliliyi və yaradıcılığı formalaşdırırlar. “Musiqi tərbiyə vasitəsidir. Uşaqlar musiqi ilə böyüdükcə, onlar daha duyğusal, mərhəmətli, yaradıcı və vətənpərvər olurlar. Bizim müəllimlər bu dəyərləri gələcək nəslin ruhuna hopdurmaq üçün var gücləri ilə çalışırlar” – deyə o bildirir.
Beyləqanda gənclərin musiqiyə marağının artdığını xüsusi vurğulayan Elmurad Quliyev hesab edir ki, bu, müəllimlərin fədakar əməyinin nəticəsidir. Onların səbrlə, sevgi ilə, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq çalışmaları gələcək musiqiçilərin, sənət adamlarının yetişməsinə zəmin yaradır.
Elmurad müəllim bütün müəllimləri bu gözəl bayram münasibətilə ürəkdən təbrik edərək deyir:
“Əziz müəllimlər, siz xalqın yaddaşında və gələcəyində yaşayan insanlarsınız. Sizin zəhmətiniz ölçülməzdir. Sizin səbriniz, qayğınız, vicdanla yerinə yetirdiyiniz vəzifəniz sayəsində bu gün minlərlə uşaq öz yolunu tapır, istedadını göstərir, cəmiyyətə faydalı bir fərd olur. Sizlərə möhkəm can sağlığı, tükənməz enerji, yeni uğurlar və xoşbəxtlik arzulayıram!”
Bu sözlərdən də göründüyü kimi, Elmurad Quliyev üçün müəllimlik yalnız bir peşə deyil, həm də həyat fəlsəfəsidir. O inanır ki, müəllimlərin əməyinə verilən hər bir dəyər, əslində, gələcəyimizə verilən dəyərdir.
Bu münasibətlə biz də bütün müəllimləri ürəkdən təbrik edir, onlara sonsuz minnətdarlığımızı bildiririk. Müəllim əlləri dünyanın ən saf və müqəddəs əlləridir – çünki o əllər gələcəyimizi formalaşdırır.
Müəllimlər Günü mübarək!
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:



