Gündəm, Siyasət, Ölkə
12 noyabr 2025
77

Qaxın yeni inkişaf mərhələsi – Elvin Paşayevə uğurlar arzulanır

Qaxın yeni inkişaf mərhələsi – Elvin Paşayevə uğurlar arzulanır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Elvin Paşayevin Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması böyük sevinc və qürur hissi ilə qarşılanıb. Bu təyinat dövlət başçımızın bölgələrin sosial-iqtisadi inkişafına, idarəetmədə gənc və peşəkar kadrlara verdiyi önəmin bariz nümunəsidir.
Elvin Paşayev uzun illər dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyəti, yüksək idarəetmə bacarığı və məsuliyyətli yanaşması ilə tanınır. Onun Qax rayonuna rəhbər təyin olunması, şübhəsiz ki, bölgənin daha da çiçəklənməsinə, yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaq. Qaxın iqtisadi, mədəni və sosial sahələrdəki potensialı Elvin Paşayev kimi enerjili və müasir düşüncəli rəhbərin fəaliyyəti sayəsində daha səmərəli şəkildə reallaşacaq.
Rayon sakinləri əmindirlər ki, Elvin Paşayev Prezident İlham Əliyevin etimadını yüksək səviyyədə doğruldacaq, vətəndaşlara diqqət və qayğı prinsiplərini daim ön planda saxlayacaq. Onun rəhbərliyi ilə Qaxda infrastruktur layihələri genişlənəcək, kənd təsərrüfatı və turizm sektoru daha da inkişaf edəcək, gənclərin təşəbbüsləri dəstəklənəcək.
Bu münasibətlə Elvin Paşayevi səmimi qəlbdən təbrik edir, ona məsuliyyətli fəaliyyətində möhkəm can sağlığı, tükənməz enerji və uğurlar arzulayırıq. Uğurlarınız Qaxın, eyni zamanda bütün Azərbaycanın rifahına və tərəqqisinə xidmət etsin!


Dilşad Əhmədova
Baş redaktor