Gündəm, Ölkə
12 noyabr 2020
1028
Prezidentə yazırlar: "Xalqımızın inamını yenidən özünə qaytardınız"
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələri, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunması, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
Məktublardan bəzilərini təqdim edirik.
Mayis Məmmədovdan, Novosibirsk, Rusiya
Cənab Prezident.
Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə Azərbaycan dövlətinin lideri olaraq həyata keçirdiyiniz quruculuq fəaliyyətinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq qazandığınız zəfərlərə görə səmimi minnətdarlığımı bildirirəm.
Sizin müasirlərinizin bəxti onda gətirib ki, biz Sizin rəhbərliyiniz altında həyata keçirilən, Azərbaycanın inkişafına, Azərbaycan xalqının mədəni və tarixi nailiyyətlərinin qorunmasına yönəlmiş yaradıcı fəaliyyətin şahidləriyik.
Cənab Prezident, bütün Azərbaycan xalqı üçün əlamətdar hadisə - Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad olunması ilə bağlı səmimi təbriklərimi qəbul edin.
2020-ci il 8 noyabr Azərbaycan tarixinə əbədilik yazıldı. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu müqavilə regionda davamlı sülhə, əmin-amanlığa gətirib çıxaracaq və qan tökülməsinə son qoyacaqdır. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda ən uzunmüddətli münaqişələrdən biridir və bu gün onun sona çatması, ilk növbədə, döyüş meydanında qələbə qazanan, çoxillik işğaldan azad olunmuş torpaqlarını geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir. Azərbaycan Respublikasının bütün vətəndaşları dini-etnik mənsubiyyətindən asılı olmayaraq, doğma torpaqlarda ədalətin zəfər çalması və haqqın bərpası üçün birləşdilər.
Hörmətli cənab Prezident, Azərbaycan xalqının bu tarixi qələbəsi, ilk növbədə, Sizin sayənizdə mümkün oldu. Siz dünyamiqyaslı siyasətçi olaraq, öz xalqınızı hər zaman düzgün yola istiqamətləndirirsiniz. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq!
Biz – Sizin həmvətənləriniz, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Sizi dəstəkləyir və Sizinlə fəxr edirik, Azərbaycanın rifahı naminə bundan sonra da əlimizdən gələn hər şeyi edəcəyik. Tarixi ədalətin bərpası, işğal edilmiş ərazilərin qaytarılması, bütün dünyada Azərbaycanın tarixi və mədəniyyəti haqqında obyektiv fikir formalaşması ilə bağlı Sizin qarşıya qoyduğunuz və uğurla gerçəkləşdirdiyiniz məqsədlər Vətənimizin ən yeni tarixinin formalaşmasına mühüm töhfədir.
Möhtərəm cənab Prezident, Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Zümrüd Quluyevadan, Goranboy, Azərbaycan
Əziz Prezidentim,
Mən 9-cu sinifdə oxuyuram. Siz həsrətlə gözlədiyimiz ən şad xəbəri – Qarabağın azad olunması xəbərini bizə çatdırdınız. Bu sevinc hisslərini xalqımıza yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq. Sizi min yaşayın.
Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizi və Azərbaycan Ordusunu qorusun!
Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza!
Şahin İsayevdən, Oğuz, Azərbaycan
Dəyanətli, məğrur Prezidentim, Müzəffər Ali Baş Komandan!
Siz qətiyyətlə haqq-ədaləti bərpa edərək, xalqımızın inamını yenidən özünə qaytardınız. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın tam azad olunması münasibətilə təbrik edirik.
Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Qarabağ bizimdir!
Təbriz Aslanovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident,
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonların ərazilərinin işğaldan azad edilməsi üçün yürütdüyünüz siyasəti dəstəkləyirik. Sizin müdrik və uzgörən siyasətiniz nəticəsində torpaqlarımız yağı düşməndən təmizləndi.
Sizə və şanlı Ordumuza təşəkkür edir və Allahdan qüvvət arzulayırıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Səfalı Paşayevdən, Masallı, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz. Bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr Dövlət Bayrağı günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı Bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayırıq.
Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz.
Allah Sizi qorusun!
Fazil Həsənovdan, İsmayıllı, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə İsmayıllı Suvarma Sistemləri İdarəsinin kollektivi adından ürəkdən təbrik edirik.
Sizə, Ordumuzun əsgər və zabitlərinə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.
Şəhidlərimizin ruhu şad olsun!
Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz! Yaşasın
Azərbaycan!
Qarabağ Azərbaycandır!
Fikrət Şərifovdan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Noyabrın 8-də Sizin Şuşa şəhərinin işğaldan azad edilməsi barədə televiziya vasitəsilə bizlərə çatdırdığınız xəbər Zaqatala Suvarma Sistemləri İdarəsinin kollektivini ürəkdən sevindirir, doğma Vətənimizə daha böyük inamla xidmət etməyə ruhlandırır. Bütün Azərbaycan xalqı kimi idarəmizin mühəndis texniki işçiləri də tarixi torpağımızın erməni işğalından tezliklə azad olunacağına inanırlar.
Xarici ölkələrdən olan jurnalistlərin suallarına cəsarətli və faktlara söykənmiş cavablarınızı idarənin bütün əməkdaşları qürur hissi ilə qarşılayır.
Möhtərəm cənab Prezident, bizə böyük sevinc hissi yaşatdığınız üçün Sizə və rəşadətli Ordumuza ürəkdən təşəkkür edirik.
Qarabağ Azərbaycandır!
Kamil Xudaverdiyevdən, Naxçıvan, Azərbaycan
Hörmətli Prezidentim.
Mənfur erməni işğalçıları üzərində müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə Sizi təbrik edir, əllərinizdən öpürəm. Çünki bu müzəffər Ordunun Ali Baş Komandanı Sizsiniz, hərbi və siyasi zəfərlər Sizin sayənizdə əldə edildi. Son 273 ildə Azərbaycan tarixində heç bir hökmdar, heç bir dövlət başçısı itirilmiş Azərbaycan torpaqlarını geri qaytarmağa nail olmamışdı. Bu missiyanı ulu öndərimiz Heydər Əliyevin oğlu, onun layiqli varisi İlham Əliyev şərəflə yerinə yetirdi.
Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız.
Eşq olsun Azərbaycanın yeni tarixini yazan polad iradəli, cəsur görkəmli sərkərdə, məharətli diplomat, müdrik siyasətçi, xalqımızı yumruq kimi birləşdirən əbədi Prezidentimiz İlham Əliyev cənablarına! Allah Sizi qorusun!
Emin Carçıyevdən, Abşeron, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə öz adımdan, ailəmin hər üzvü adından, Abşeron gəncləri adından təbrik edirəm. Bizə bəxş etdiyiniz bu qələbəyə görə Sizə minnətdarıq, Sizə borcluyuq. Siz hər zaman bizim inanc yerimiz, güvənc yerimiz oldunuz. Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun! Var olun, müzəffər Ali Baş Komandanım!
Rüstəm Qüdrətovdan, İmişli, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Qarabağımızın 30 illik işğalına son qoyuldu. Sizə edilən çoxlu təzyiqlərə baxmayaraq torpaqlarımızı işğaldan azad etməyi bacardınız. Uzun müddət apardığınız siyasi-diplomatik səyləriniz hərbi güclə tamamlanaraq öz bəhrəsini verdi.
Imişli rayon kommunistləri olaraq Sizin və qəhrəman Ordumuzun əsgərləri qarşısında baş əyirik. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.
Fərid Əsgərovdan, Tərtər, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Bu günlər xalqımız tarixi bir dönəm yaşayır. Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz Qarabağ torpaqlarını erməni işğalından azad edir. Hər gün döyüş bölgələrindən şad xəbərlər gəlir. Hər bir azərbaycanlı kimi mən də buna sevinirəm, qəlbim riqqətə gəlir.
Cənab Prezident, Siz xalqın sevimlisinə çevrilmisiniz. Biz Sizin hər bir çıxışınızı səbrsizliklə gözləyir və dərin vətənpərvərlik hissi ilə dediyiniz sözlərdən mütəssir oluruq. Bəzən gözlərim yaşla dolur, ürəyim Sizə minnətdarlıq hissi ilə döyünür. Əvvəllər mətbuat sahəsində işlədiyimə görə mən özüm də bu tarixi günlərdə xalqımızın qələbə ruhunu yüksəltmək üçün müxtəlif mətbuat orqanlarında yazılarla çıxış edirəm. Hazırda işlədiyim Ağdam rayonu Qasımbəyli qəsəbəsində yerləşən idarəmiz, o cümlədən yaşadığım Tərtər rayonu Köçərli kəndi tez-tez erməni faşistlərinin atəşlərinə məruz qalırdı. Bu cür təhlükəli şəraitdə mən öz işimi vicdanla yerinə yetirirəm. Qorxmadan, çəkinmədən doğma Qarabağda yaşamaqdan və işləməkdən zövq alıram. Daim ürəyimiz dədə-baba yurdlarımıza qayıtmaq hissi ilə döyünür.
Hörmətli Prezident, mən özümü Sizin əsgəriniz hesab edirəm. Bütün sahələrdə Sizə sədaqətlə xidmət etmək əhval-ruhiyyəsi ilə yaşayıram. Hələ 2015-ci ildə hərbi xidmət keçdiyim zaman Siz bizim hərbi hissənin açılış mərasiminə gəlmiş, məzmunlu çıxış etmişdiniz. Həmin görüş və çıxışınız hafizəmdə və qəlbimdə daim yaşayır, məni dövlətim üçün daha faydalı işlər görməyə sövq edir. Sizin ölkəmizin tərəqqisi naminə apardığınız daxlili və xarici siyasəti daim dəstəkləmişəm, bunu özümə mənəvi borc və vətəndaşlıq vəzifəsi hesab edirəm.
Cənab Prezident, indiki Vətən müharibəsi göstərdi ki, Siz dinc şəraitdə də, müharibə şəraitində də ölkəni məharətlə idarə edirsiniz. Bu müharibə, həm də Sizin sərkərdəlik istedadınızı üzə çıxardı. Hərbi əməliyyatlara, müzəffər Ordumuza uğurla komandanlıq etdiniz. Bizim işimiz haqq işidir, Allahın mərhəməti üstümüzdədir. “Qisas qiyamətə qalmaz” demişlər, elə də oldu. Allah Sizi qorusun, müzəffər Ordumuza yardımçı olsun!
Qarabağ Azərbaycandır!
Elbrus Abdullayevdən, Ağdam, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Şuşa şəhərinin işğaldan azad olunması, cəbhədə qazandığımız qələbələr münasibəti ilə Sizi və xalqımızı təbrik edir, qarşınızda baş əyirəm.
Biz həmişə inanırdıq ki, Siz torpaqlarımızı mənfur erməni işğalından azad edəcəksiniz.
Sizin xalça üzərində toxunmuş şəkliniz evimizdən asılıb. Hər dəfə şəklinizi görəndə Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür arzulayıram. Dualarımız Sizinlədir.
Var olun, cənab Prezident!
Sərvinaz Qurbanovadan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən bir zəhmətkeş Azərbaycan qadını kimi, Sizinlə fəxr edirəm. Eşq olsun Sizə, əziz Prezidentim! Hər zaman var olasınız! Siz bizim dayağımızsınız. Biz xalq olaraq hər zaman Sizin arxanızdayıq.
Yaşasın Müzəffər Ali Baş Komandanımız!
Yaşasın Azərbaycan xalqı!
Daha çox xəbər:
Azərbaycan idmançıları Ali Baş Komandana təşəkkür etdilər
Gündəm, İdman“Siz öz gücünüzü bütün dünyaya bir daha sübut etdiniz” - Prezidentə yazırla ...
ÖlkəPrezidentə yazırlar: "Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik"
ÖlkəTürkiyə, Pakistan və Ukrayna vətəndaşları da Prezidentə dəstək məktubu yazd ...
SiyasətPrezidentə yazırlar: “Sizə və Azərbaycan ordusuna inanırıq” — MƏKTUBLAR
Siyasət