Hadisə
02 sentyabr 2020
310

İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır

İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır


Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Mansurov İsmayıl Gündüz oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla İsmayıl Mansurovun qeyd edilən vəzifədə işləyərkən vətəndaşa Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən yaşayış evinin tikintisi üçün guya həmin rayonun icra hakimiyyəti aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrindən istifadə edərək tələb olunan qanuni sənədlərin verilməsində köməklik göstərilməsini vəd etməsinə, bununla da 2019-cu ilin sentyabr-oktyabr aylarında vətəndaşdan ümumilikdə 10 min 370 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İsmayıl Mansurov 21 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstintaq zamanı zərərçəkmiş şəxsə dələduzluq əməli üzrə vurulmuş ziyanın ödənilməsi tam təmin edilib, ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.