İqtisadiyyat
09 sentyabr 2020
335
Azərbaycan avqustda gündəlik 669,1 min barel neft hasil edib
2020-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barrel olub. Bunun 584,6 min barrelini xam neft, 84,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli”, 124,2 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
Bu barədə "Qafqazinfo"ya Energetika Nazirliyindən məlumat verilib.
“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.