Kriminal
24 avqust 2020
441
Kürdəmirdə arvadını yandıran ər HƏBS EDİLİB
İyunun 9-da, saat 06 radələrində Əmirova Şura İslam qızının Kürdəmir rayonu, Muğanlı kəndi ərazisində traktorda əri Hüseynov Nurlan Üzeyir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində əri tərəfindən üzərinə benzin tökülərək yandırılması faktı ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Kürdəmir rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində təqsirləndirilən Nurlan Hüseynov istintaqa cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun 22-də Şura Əmirova müalicə olunduğu xəstəxanada vəfat etdiyindən cinayət işi üzrə əməl rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməklə rayon prokurorluğunun icraatına götürülüb.
Hazırda iş üzrə rayon prokurorluğu tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.