Kriminal
31 avqust 2020
321

DTX daha bir əməliyyat keçirdi — FOTO

DTX daha bir əməliyyat keçirdi — FOTO


Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.
DTX-nin rəsmi saytı xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faliq Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycana ekstradisiya olunub.

Hazırda cinayət işi üzrə araşdırma davam edir.