Siyasət
15 iyul 2020
608

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI


İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilmişdir. Erməni hərbçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirmiş, habelə Ermənistan–Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərmişlər. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.

Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.

Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

2. AĞ Partiya – Tural Abbaslı

3. Ana Vətən Partiyası – Fəzail Ağamalı

4. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

5. Azadlıq Partiyası – Əhməd Orucov

6. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

7. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

9. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

10. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev

11. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

12. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

13. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

14. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

15. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

16. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

17. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

18. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

19. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

20. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

21. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

22. Birlik Partiyası – Xudadat Xudiyev

23. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

24. Böyük Quruluş Partiyası – Fazil Mustafa

25. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

26. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

27. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov

28. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

29. Ədalət Partiyası – İlyas İsmayılov

30. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

31. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

32. Qorqud Partiyası – Firudin Kərimov

33. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev

34. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

35. Milli Konqres Partiyası – İxtiyar Şirinov

36. Milli Vəhdət Partiyası – Yunus Oğuz

37. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

38. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

39. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

40. Vəhdət Partiyası – Tahir Kərimli

41. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

42. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

43. Yeni Zaman Partiyası – Musa Ağayev

15 iyul 2020-ci il.