Siyasət
21 avqust 2020
280
Həbsdəki icra başçılarının sayı 6-ya çatdı...
Son illərdə Azərbaycanın hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır. Bunlar həm də nazirlik, nazirlər və icra başçıları səviyyəsində zaman-zaman həyata keçirilib. 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanovun həbsindən sonra bir müddət bu sahədə sabitlik olsa da, 2015-ci ildə “MTN işi” ilə başlanan proses hələ də davam edir. Son aylarda ölkədə 10-a yaxın rayonun icra başçısı həbs olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, icra hakimiyyətlərində ilk əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 2019-cu il dekabrın 19-da Ağstafada baş tutdu. Başçı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs edildi.
Öncədən onu qeyd edək ki, icra başçılarının hər biri ortaq maddələrlə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar.
Nizaməddin Quliyev həbs edilərkən oğlanları ilə gündəmə gəldi. Onun bir oğlu – Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Kiçik oğlu Ramal Quliyev isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi idi. Atasının həbsindən sonra keçmiş baş prokuror Zakir Qaralov onu vəzifəsindən çıxardı. Ramal Quliyev Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan qalmaqallı videosunda da yer almışdı. Onun bankların birində filial müdiri işləyərkən milyonluq yeyintiyə yol verdiyi haqda məlumat yayılmışdı.
Nizaməddin Quliyevlə birgə Yevlaxın icra başçısı olmuş Qoca Səmədov da həbs olunmuşdu. Lakin onun həmin zaman vəzifədə olmaması və mənimsədiyi məbləğin az olması Qoca Səmədovun ictimai müzakirələrə səbəb olmaması ilə nəticələndi.
Əməliyyatın davamı kimi 2020-ci ilin fevral ayında DTX Neftçalaya üz tutdu. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də həbs edildi. Bu rayonda əməliyyat daha geniş sferanı əhatə etdi və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da rüşvət alma və verməyə görə dəmirbarmaqlıqlar arxasına yollandılar.
Gəncliyində bank sektorunda işləyən İsmayıl Vəliyev daha sonra Gömrük Komitəsində vəzifə tutub. İsmayıl Vəliyev Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. Onun oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışır. Lakin o, həbsindən sonra aldığı rüşvətlər və işlətdiyi eşşək ferması ilə daha çox yadda qaldı.
Aprelin 29-da isə rüşvətxor məmurların kabusuna çevrilən əməliyyatçılar Biləsuvar rayonuna baş çəkdilər. İcra başçısı Mahir Quliyev kabinetindəcə həbs olundu. O da digər icra başçıları kimi özündən aşağı vəzifədə olanlardan rüşvət almaqda, aztəminatlı vətəndaşları ictimai işlərə yazdırıb pullarını özü mənimsəməkdə ittiham olundu. DTX-da ifadə verərkən "bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm” demişdi. Mahir Quliyevin 42 yaşına kimi heç bir ali təhsili olmayıb.
Onun bioqrafiyasında 2000-ci ildə “Naxçıvan” universitetini bitirdiyi qeyd edilsə də, TQDK bu məlumatı təkzib edib. Onun əmək fəaliyyətinə kolxozda fəhlə kimi başlaması, sonra vəzifəsinin artaraq usta olması diqqət çəkmişdi. Daha sonra Bakıda işləyən Mahir Quliyev bulvarda “Sahil” restoranında ofisiant, bir neçə il sonra isə administrator kimi işləyib. İddiaya görə, həmin restorana tez-tez gedən sabiq PA rəhbəri Ramiz Mehdiyevlə burada başlayan tanışlığı onun sonrakı vəzifə pillələrində irəliləməsində dəstəyi olub. Mahir Quliyevin məşhur iş adamı Hacı İbrahim Nehrəmli ilə quda olduğu bildirilir. Mahir Quliyevin qızı Hacı İbrahimin oğlu ilə evlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.
Bu əməliyyatdan bir həftə sonra, mayın 5-də DTX əməliyyatçıları İmişliyə yollandı. Həbsindən bir neçə ay öncə 124 manata kirayə yaşadığını elan edən Hacıyevin evindən və kabinetindən milyonlarla manat məbləğində pullar çıxdı.
Onun evində və kabinetində quraşdırılan kameralar vasitəsilə aldığı rüşvətlər və sövdələşmələri anbaan qeydə alınmışdı. Əməliyyat çəkilişi zamanı onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb. Həbs edilib məhkəmədən çıxarkən isə qohumlarına "Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun" demişdi. Onun oğlu Məhəmməd Hacıyev də atasının həbsindən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki müstəntiq vəzifəsindən çıxarılmışdı. Maraqlı bir məqam budur ki, V.Hacıyev 2004-cü ildə Göygöldə başçı olarkən qardaşı Eldar Hacıyev həmin rayonda bank filial müdiri olub. E.Hacıyev mətbuata açıqlamasında bildirib ki, qardaşı Vilyam ona rayonda bir çox abadlıq işləri gördürsə də, sonradan 32 min manatı ona “atıb”.
Üç aylıq fasilədən sonra bu dəfə Baş Prokurorluq bir icra başçısını “ovladı”. Avqustun 19-da Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov həbs edildi.
Sabiq başçı C.Cəfərov may ayında iş otağında keçirdiyi videokonfrans zamanı “5 ay ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin” demişdi. Onun istəyi qismən də olsa həyata keçdi. Çünki C.Cəfərovu digərlərindən fərqli olaraq DTX yox, prokurorluq həbs etdi. Ceyhun Cəfərov əmək fəaliyyətində İstilik-İstismar sahəsində çilingər kimi başlayıb, daha sonra isə Bakının müxtəlif rayonlarında “JEK”lərdə şöbə müdiri və müdir vəzifələrində çalışıb. Ceyhun Cəfərov Rabitə Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalovla qayın-yeznədir.
Yazıda adları çəkilən hər bir icra başçısı və onların tabeliyində olan vəzifəli şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilən icra başçıları Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.
Daha çox xəbər:
Kürdəmirin icra başçısı həbs edildi — YENİLƏNİB
Gündəm, HadisəKürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı — RƏSMİ
CəmiyyətSaxlanılan icra başçısı bu maddələrlə ittiham olunur
KriminalKürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
Kriminalİcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi — FOTO
Kriminal