Siyasət
03 oktyabr 2020
313

İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”

İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”


“Ermənistanın bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır.
Əgər o, “Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirib.

Ermənistanın nəyə görə risk edib təxribata əl atdığı barədə sualı dövlətimizin başçısı belə cavablandırıb:

“Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahladırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər.

Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir.

Beləliklə, diqqəti yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyyətini gücləndirmək istəyir.

Beləliklə, onların fikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi”, - Prezident vurğulayıb.