Siyasət
01 dekabr 2020
281
Dövlət başçısı: "5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik"
“Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.
“Ona görə Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər.
Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir”, - dövlət başçısı bildirib.
Daha çox xəbər:
Ali Baş Komandan: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"
Gündəm, SiyasətDövlət başçısı: “Biz Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan ...
SiyasətAzərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu ...
Gündəm, Siyasətİlham Əliyev: "Kəlbəcərin işğalı o vaxt hakimiyyətdə olmuş Xalq Cəbhəsinin ...
Gündəm, SiyasətErmənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyə ...
Gündəm, Cəmiyyət