Siyasət
04 dekabr 2020
296

Prezident: "Mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim"

Prezident: "Mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim"


"Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmişdir: "Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir. Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim".