Şou biznes
19 iyun 2020
290

“Bəhram ECMO cihazına bağlandığından süni şəkildə yatızdırılır” – Son AÇIQLAMA

“Bəhram ECMO cihazına bağlandığından süni şəkildə yatızdırılır” – Son AÇIQLAMA


“Bəhram Bağırzadənin ECMO cihazında yaşam mücadiləsinin 5-ci günüdür. Məqsədimiz yaşamın davam etməsi üçün digər orqanların sağlamlığını təmin etmək, Bəhram müəllimin immun sistemini qaldırmaqla virusun ağciyərdə yaratdığı xəsarəti yox etməkdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin məsləhət və tövsiyələrinə uyğun şəkildə lazımi dərmanlar verilir. Amma xəstənin orqanizminin bu müalicəyə cavabının hansı şəkildə olacağını indidən demək çətindir”.

Bunu Modern.az saytınaaçıqlamasında “COVID-19” infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib

R.Mahmudov Bəhram Bağırzadənin əvvəlcədən ağciyərində problemlər olması fikrilə qətiyyən razılaşmayıb:

“Qətiyyən bu fikirlərin yayılması ilə razı deyiləm. İstənilən bir insanın ağciyərində, yaxud başqa orqanında özünün xəbəri olmadan problemi ola bilər. Amma 50 yaşlarında, sağlam həyat tərzi sürən, bir həftə əvvəl çəkilən rentgen müayinələri tamamilə sağlam olan bir insanın ağciyəri bir gecənin içərisində tamamilə yox olursa, buna tibbi nöqteyi-nəzərdən başqa ad qoymaq qəbul olunacaq həqiqət deyil. Bəhram Bağırzadənin ağciyərini sıradan çıxaran COVİD-19 virusudur, xəstəyə qoyulan diaqnoz budur və müalicəmiz də bu istiqamətdə gedir”.

Həkim həmçinin deyib ki, xəstə anlaqlı vəziyyətdə olsa da, ECMO cihazına bağlandığından davamlı olaraq süni şəkildə yatızdırılır:

“Müalicəyə uyğun olaraq ilk bir həftə ərzində yatızdırmaq göstərişi var”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.