Gündəm, Cəmiyyət, Ölkə
14 iyul 2023
271

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
54 il əvvəl- 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi həyatında baş vermiş mühüm bir hadisə pespublikamızda köklü dəyişikliklərin başlanmasına təkan verdi və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsi yolunda yeni tarixi dönüşün əsasını qoydu. Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda 46 yaşlı Heydər Əliyev AKP MK-nın birinci katibi, yəni faktiki olaraq respublikanın rəhbəri seçildi. O vaxta qədər gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında xidmət etmiş, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri təyin olunan general-mayor Heydər Əliyevin bu vəzifəyə yüksəlişi respublikanın geniş ictimaiyyəti, xüsusilə ziyalı elitası tərəfindən böyük rəğbətlə qarşılandı. Bu rəğbət onunla bağlı idi ki, dövlət təhlükəsizlik orqanlarında işlədiyi müddətdə Heydər Əliyev vətəninə dərindən bağlı olan çox sayda insanı saxta ittihamlarla repressiya olunmaq təhlükəsindən qorumuş, sürgün və ölümdən xilas etmiş, xalqın milli intibahı yolunda çalışan ziyalıların təqib edilməsinə, cəmiyyətdən təcrid olunmasına imkan verməmişdi.
Onu da qeyd edək ki, həmin ərəfədə respublikada ciddi sosial-iqtisadi və mənəvi-siyasi dəyişikliyə ehtiyac olduğunu Azərbaycan cəmiyyətinin böyük hissəsi yaxşı başa düşürdü. Ölkədə baş verən proseslər fonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün yeni təşəbbüslərin irəli sürülməsi, qətiyyətli addımların atılması zəruri idi. Heydər Əliyev bu posta təyinat alana qədər respublikamız əsas sosial-iqtisadi inkişaf göstəricilərinə görə orta ümumittifaq səviyyəsindən xeyli dərəcədə geridə qalırdı.
Həmin dövrdə respublikanın regionlarının sosial-iqtisadi inkişafına da kifayət qədər diqqət göstərilmirdi. Kənd təsərrüfatında aqrotexniki qaydalara düzgün əməl olunmaması, meliorasiya və mexanikləşdirmə tədbirlərinin görülməməsi səbəbindən həm ərzaq, həm də texniki bitkilərin məhsuldarlığı aşağı düşmüşdü. İri sənaye və emal müəssisələrinin əksəriyyəti Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin inkişafının qarşısını alır, urbanizasiya prosesinin proporsional şəkildə getməsinə əngəl olurdu.
Digər tərəfdən respublikada korrupsiya və gizli iqtisadiyyat geniş yayılmış, qanunçuluğa əməl olunmasına və mədəni quruculuğa diqqət zəifləmiş, mənəvi-psixoloji iqlim qeyri-sağlam məcraya yönəlmişdi. Təbii ki, bu çətin və mürəkkəb vəziyyətin aradan qaldırılması üçün analitik təfəkkürə malik, güclü və bacarıqlı təşkilatçı, cəsarətli bir liderə ehtiyac var idi. Belə bir lider məhz Heydər Əliyev oldu.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk dövrdə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində mühüm işlər görmüşdür. Keçmiş SSRİ-də, sovet və partiya həyatında hakim olan bütün normalara, marksizm-leninizm ideologiyasının tələblərinə rəğmən Heydər Əliyev standart stereotiplərdən kənara çıxmağı, mövcud sistemin qaydalarını formal şəkildə pozmadan yeniliklər etməyi bacarırdı.
O illərdə Azərbaycan xalqı öz dilini, ədəbiyyatını, tarixini, zəngin milli mədəniyyətinin rəngarəngliyini və çoxcəhətliliyini sanki təzədən qavrayır və yenidən qiymətləndirirdi. Elə buna görə də Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü milli özünüdərkin oyanmasında yeni mərhələnin başlanğıcı kimi qəbul etmək lazımdır.
Heydər Əliyev sovet dövründə öz milli-mənəvi dirçəliş konsepsiyasını əməli siyasət məcrasında gerçəkləşdirmək üçün olduqca təsirli vasitələrdən istifadə etmişdir. Məsələn, belə səmərəli üsullardan biri kimi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının təbliğ olunmasını göstərmək olar. Ulu Öndər onların yubileylərinin müntəzəm qeyd edilməsi, əsərlərinin nəşri, ev-muzeylərinin yaradılması kimi məsələlərə xüsusi önəm verirdi. Bu, imkan verirdi ki, Azərbaycanın tanınmış simalarının xalqın taleyüklü problemləri, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirləri üzə çıxarılsın, sistemləşdirilsin və nəticədə milli düşüncənin güclənməsinə, böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasına xidmət etsin. Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanda və keçmiş SSRİ-nin paytaxtı Moskvada tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, abidələri ucaldılmışdır. Bəziləri elə düşünə bilər ki, həmin dövrdə bu adi və asan məsələ idi və başqa müttəfiq respublikalarda da Moskvanın tapşırığı ilə həmin addımlar atılırdı. Əslində isə belə deyildi. Bunun üçün respublikaya rəhbərlik edən şəxsin öz xalqının milli-mənəvi dünyasına və tarixinə dərindən bələd olması və onu milli ideya ətrafında birləşdirmək kimi ali məqsədə xidmət etmək niyyəti, qətiyyətli fəaliyyəti mühüm şərtdir. Heydər Əliyevi respublikanın əvvəlki rəhbərlərindən fərqləndirən və onu Ümummilli Lider səviyyəsinə ucaldan əsas cəhət də məhz budur. Bu fikri Azərbaycanın görkəmli şəxsiyyətlərinə münasibətdə daha aydın izah edə bilərik.
Heydər Əliyev hesab edirdi ki, milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən biri məhz ana dilidir. O, ana dilinin cəmiyyətin daxili institusional quruluşuna və konsolidasiyasına təsirini lazımınca qiymətləndirir, Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunması ilə yanaşı, cəmiyyət həyatının bütün sahələrində geniş istifadə edilməsinə çalışırdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan tarixinə və ana dilinə aid araşdırmalar yüksək dövlət mükafatlarına layiq görülür, tədqiqatçılar bu sahələrdə daha səylə işləməyə həvəsləndirilirdilər. Bu bir həqiqətdir ki, Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dilinin cəmiyyətdə dominant rolunun təmin edilməsi milli məfkurənin formalaşmasına, milli dövlətçilik ideyasının güclənməsinə və gələcəyin müstəqil Azərbaycanının yaradılmasına həlledici təsir göstərmişdir.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini daha da artırmışdı. Ulu Öndər sonralar bu dövrü belə xatırlayırdı: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur”.
Ulu Öndərin bu illər ərzində doğma Vətəni, doğma yurdu naminə gördüyü işlərin hamısını bir məqalədə əhatə etmək, bütün məsələlərin dərin təhlilini vermək, əlbəttə ki, mümkün deyildir. Lakin elmi şəkildə sübut olunmuş həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə xalqın qədim ənənələrə malik dövlət idarəçiliyi mədəniyyəti yenidən dirçəldilmiş, milli-mədəni oyanışda böyük dönüş başlanmış və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı iqtisadi-mədəni zəmin hazırlanmışdır. Ulu Öndərin sovet dövründəki fəaliyyətinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, ilk növbədə, milli özünüdərk prosesi sovet ideoloji sisteminin buxovlarına baxmayaraq ardıcıl davam etdirilmişdir. Digər tərəfdən, həmin illərdə baş vermiş dəyişikliklərin vüsəti, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi müstəqil Azərbaycanın yaranmasına aparan tarixi yolun salnaməsində ən parlaq səhifələrdir. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadi sistemində öz yerini getdikcə möhkəmləndirməsi həm də 1970-80-ci illərin əvvəllərində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Azərbaycan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin zəngin irsinə böyük hörmətlə yanaşır, onu qoruyur və ondan bəhrələnir. Bu gün Ümummilli Liderin siyasi xəttini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil dövlətçilik tarixinə hər gün yeni-yeni şanlı səhifələr yazır.

Nəzrəddin Əhmədzadə
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER