Gündəm, Siyasət, Ölkə
18 mart 2023
455

Heydər Əliyev – Dahi xilaskar və dövlət qurucusu

Heydər Əliyev – Dahi xilaskar və dövlət qurucusu
10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gününə həsr olunub. 2004-cü ildən başlayaraq, hər il 10 may tarixi Azərbaycanda Gül bayramı kimi keçirilir. Bu il 98-ci ildönümü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
- Bu gün öz inkişaf dövrünü yaşayan, dünyada nümunəvi dövlət kimi tanınan Azərbaycan hazırkı mərhələyə asan yolla çatmayıb. Zaman ötdükcə - Azərbaycanda cərəyan edən inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndikcə ölkəmizin müstəqilliyinin, Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Bu dövrə - ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir.
Heydər Əliyev – Dahi xilaskar və dövlət qurucusu
Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
- Bəli, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyətini daha yaxşı anlamaq üçün Onun fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. İlk növbədə, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək müxtəlif iqtisadi problemlərlə qarşı-qarşıya idi, sənaye, kənd təsərrüfatı və digər sahələrdə tənəzzül müşahidə edilirdi. Azərbaycan İttifaq miqyasında ayrı-ayrı sahələrin inkişaf dinamikasına görə sonuncu yerlərdə qərarlaşmışdı. Bu, kifayət qədər potensiala sahib olan Azərbaycan üçün olduqca mənfi göstərici idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı.
Sənaye sahəsinin inkişaf etdirilməsi aqrar sektorun da tə­rəq­qi­si­nə təkan verdi. Aqrar sahədə görülən işlər bu sek­torda sürətli və sıçrayışlı inkişafın əsas oldu. 1970-ci ildə Heydər Əliyev təşəbbüsü və səyləri ilə SSRİ Na­zir­lər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsər­rü­fa­tı­nı inkişaf etdirmək tədbirləri haqqında” Qərar kənd təsərrüfatının in­kişafına böyük töhfə verdi. Bunun ardınca 9 iyul 1975-ci il tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzüm­çü­lü­yü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərar da bu sahənin in­kişafı baxımından mühüm əhəmiyyət kəsb etdi. Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye tə­mə­li üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta il­lik həcmi mütəmadi olaraq atırıldı. Artıq 1982-ci ildə kənd tə­sər­rüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata ke­çirilən siyasətin səmərəliliyindən xəbər verirdi.
Həyata keçirilən islahatlar sayəsində təhsil və səhiyyə sektorlarında, yol infrastrukturunun genişlənməsində neft sənayesində inkişaf tempi əldə edildi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf baş verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə edirdi. Bütövlükdə, Bakı şəhərinin milliləşməsi, paytaxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və s. kimi məsələlər Heydər Əliyev hakimiyyətinin əsas xüsusiyyətləri idi. Bunlarla yanaşı, milli mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər verildi, təqaüdlər ayrıldı.
1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Dövlət dili kimi Azərbaycan dilindən istifadənin miqyası genişləndi, bu, dilimizin qorunması və inkişafına böyük təhfələr verdi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən tədbirlər sayəsində respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bütün bunlar müasir müstəqil Azərbaycanın inkişafının əsası – fundamenti oldu.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. İttifaq səviyyəsində 9 nazirlik və komitənin məsuliyyətini - rəhbərliyini daşıyan Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Kənd təsərrüfatı, tibb, sənayə, mədəniyyət sahələrində genişmiqyaslı işlər görüldü, Azərbaycanın inkişafına xidmət edən mühüm addımlar atıldı.
Bundan sonra 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycana qayıtmasından sonra fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Azərbaycana, ölkə iqtisadiyyatına, mənəvi mühitinə dərindən bələd olan Ulu öndər öz düşüncəsini, fəaliyyətini müstəqil dövlət quruculuğuna sərf etdi və yeni bir yolun - Heydər Əliyev yolunun əsasını qoydu.
Onu da qeyd edim ki, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Ötən zaman ərzində zəngin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına müstəsna töhfələr verdi, hər bir Azərbaycan vətəndaşının üz tutduğu ümummilli partiya kimi çıxış etdi. Bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Ulu öndərin ideyaları əsasında fəaliyyətini davam etdirir.
Beləliklə, Ümummilli lider Heydər Əliyev ömrünün son 10 ilini sərf edərək müstəqil, xoşbəxt bir Azərbaycan qurdu. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.
- Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur, amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev məhz belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır.
Çox sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Ulu öndər Öz övladını bu böyük vəzifənin icrasına layiq gördü. Bəli, bu, çox ağır bir vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil, bütövlükdə, həyat məktəbinin yetirməsidir. Nə yaxşı ki, Ulu öndərimizin Azərbaycan üçün gördüyü işlər Onun varisi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Eyni zamanda, iqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firavan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər və süfrələri bol ruzi-bərəkətli olsun.

Hacıyev İlqarTofiq oğlu
Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri