Gündəm, Siyasət, Ölkə
12 dekabr 2023
762

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasi tarixində özünəməxsus yeri olan Ulu öndərin anım günüdür

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasi tarixində özünəməxsus yeri olan Ulu öndərin anım günüdür
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli Ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.
Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi.
İlk öncə səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra Fəxri xiyabana Heydər Əliyevi ziyarət etmək üçün axın olub. Ümummilli Lideri ziyarət edənlər arasında tanınmış şəxslər də olub. Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasi tarixində özünəməxsus yeri olan Ulu öndərin anım günüdür
Ulu Öndəri ziyarətə gələn Milli Məclisin deputatı Aydın Mirzəzadə XQ-ya açıqlamasında Heydər Əliyevin anım günü ilə bağlı fikirlərini deyib:
"Ulu öndər hər birimizin qəlbindədir. O, daim xalqın içində olan böyük şəxsiyyət idi, xalqı sevən, müasirliyə can atan, eyni zamanda, tarixin sınağından keçən, milli dəyərləri qoruyub saxlayan bir insan idi.
Ulu Öndər Azərbaycanı sevməyin, millətə, ölkəyə özünü fəda etməyin nümunəsini göstərdi. Ulu Öndər bizim hər birimiz üçün, bundan sonra da örnək olacaq.
Gənc nəsil Heydər Əliyev işiğı ətrafında Azərbaycanın qüdrətlənməsində, güclənməsində, nə qədər önəmli olduğunu həmişə öz həyatlarında hiss edəcəklər".
Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin sədri Mubariz Qurbanlı da Ulu Öndəri ziyarət edib və fikirlərini bizimlə bölüşüb:
"Bu gün biz Ulu Öndəri anırıq, Allah ona rəhmət eləsin. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün seçdiyi yol, onun irsi bizim üçün əbədidir".
Ziyarətcilər arasında politoloq İlyas Hüseynov da bizimlə Ulu Öndərlə bağlı fikirlərini bölüşüb:
"Hər il dekabrın 12-də Azərbaycan xalqı öz mənəvi borcunu ödəmək üçün Fəxri xiyabana gəlir və biz hörmətlə, ehtiramla Ulu Öndəri anırıq. Azərbaycan tarixi qələbə qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını təmin etmək üçün bütün ideyaları reallaşdı. Və Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetiridi, Ulu Öndərin ruhu şaddır.
Bu gün Azərbaycan qarşısında yeni imkanlar, prioritetlər formalaşır. Bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Qalib Azərbaycan vətəndaşları öz fəaliyyətlərini təmin edirlər, eyni zamanda, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə hədəflər müəyyənləşdirilir. Əlbətdə ki, bütün bu uğurların altında Ulu Öndər Heydər Əliyevin imzası var.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.
Ümummilli Llderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu il ərzində Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr olunan təbdirlər, beynəlxalq konfranslar keçirilib və hazırda da bu proses davam etdirilir.
Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Ruhu şad olsun! Daima qəlbimizdə yaşayacaqsan!


Adil Abış oğlu Əliyev
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini