Gündəm, Dünya, İdman
06 avqust 2024
70

İlon Mask Yusuf Dikeçin Atıcılıq Performansını Təqdir Edib

 İlon Mask Yusuf Dikeçin Atıcılıq Performansını Təqdir Edib

Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç gündəmdə qalmağa davam edir. İş adamı İlon Mask, Yusuf Dikeçin süni intellektlə yaradılmış videosunu sahibi olduğu "X" sosial media hesabında yayımlayıb.

Həmçinin idmançının yeni açılan "X" hesabı da böyük marağa səbəb olub. Açıldıqdan 3 gün sonra izləyicisi 200 mini keçən atıcının "Salam X" sözləri yazılmış ilk paylaşımı isə 26 milyon istifadəçi tərəfindən görüntülənib. Yusuf Dikeçin "Tesla", "SpaceX" və "X" kimi şirkətlərin sahibi İlon Mask ilə "X" hesabında yazışması da dünyada əks-səda yaradıb.

Türkiyəli atıcının performansına "Nice" ("Gözəl") şərhini verən Mask, həmçinin Dikeçin "X" hesabını da izləməyə alıb. İdmançının öz hesabında Mask'a müraciəti isə indiyədək 36 milyon dəfə görüntülənib. Dikeç müraciətində belə yazmışdı: "Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?"

Maskın cavabı gecikməmişdi: "İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın ən böyük şəhərlərindən biridir."

Ümumilikdə isə Yusuf Dikeçin hər paylaşımı bir milyondan çox baxış sayı alır.