Gündəm, Siyasət, Ölkə
21 avqust 2024
89
Sentyabrın 1-də Parlament Seçkilərinə Rekord Sayda Müşahidəçi Qeydiyyatdan Keçib
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün ölkə üzrə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarını (QHT) təmsil edən 5100-dən çox müşahidəçi qeydiyyatdan keçib. Bu rəqəm əvvəlki seçkilərlə müqayisədə rekord göstəricidir. 2015-ci il parlament seçkilərindəki müşahidəçilərin sayından 7 dəfə, 2020-ci il seçkilərindəkindən isə 4 dəfə çoxdur.
Bu il QHT-lər seçkiləri izləmək üçün iki seçki koalisiyası yaratmışdır: "Mənim səsim" Seçki Monitorinq Koalisiyası və "Vətəndaş cəmiyyəti uğrunda" Seçki Müşahidə Koalisiyası. Hər iki koalisiya ayrı-ayrılıqda ölkənin seçki dairələrinin 50%-dən çoxunda təmsil olunacağını açıqlamışdır ki, bu da onların nəticələrinin beynəlxalq təcrübəyə görə daha etibarlı sayılmasına səbəb olur.
Bundan əlavə, koalisiyalardan kənarda müşahidə aparacaq digər QHT-lər də prosesdə aktiv iştirak edəcək. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 müşahidəçi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqı isə ümumilikdə 1500 müşahidəçi ilə seçkiləri izləyəcək.
Həmçinin, QHT-lər işğaldan azad edilmiş ərazilərdə də müşahidə aparacaqlarını bəyan ediblər, bu da onların seçki prosesinə olan maraqlarının və səylərinin genişliyini göstərir.