Gündəm, Cəmiyyət
07 yanvar 2026
276

Ruhun sağlamlığına həsr olunmuş ömür: Professor Yaşar İbadovun elmi və insani missiyası

Ruhun sağlamlığına həsr olunmuş ömür: Professor Yaşar İbadovun elmi və insani missiyası
Müasir dövrdə cəmiyyətin sağlam inkişafı təkcə fiziki rifahla ölçülmür. Ruhun, düşüncənin, psixoloji tarazlığın qorunması da ən az maddi inkişaf qədər əhəmiyyətlidir. Məhz bu ali məqsədə ömrünün mühüm bir hissəsini həsr etmiş ziyalılardan biri də “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və “Alternativ Psixologiya” elminin müəllifi Yaşar İbadovdur. O, uzun illər ərzində apardığı elmi axtarışlar, innovativ yanaşmaları və yüksək insani keyfiyyətləri ilə Azərbaycan psixologiya elminə özünəməxsus imza atmış şəxsiyyətlərdəndir.
Professor Yaşar İbadovun fəaliyyəti heç vaxt klassik akademik çərçivələrlə məhdudlaşmamışdır. O, elmi bilikləri birbaşa insan həyatına tətbiq etməyi bacaran nadir alimlərdən biri kimi tanınmışdır.
Yaşar İbadovun elmi baxışlarının mərkəzində hər zaman insan amili dayanmışdır. Onun üçün psixologiya quru nəzəriyyə deyil, insanın daxili dünyasına açılan canlı və dinamik bir elm olmuşdur. Bu yanaşma professorun formalaşdırdığı “Alternativ Psixologiya” konsepsiyasında daha aydın şəkildə öz əksini tapmışdır. Alternativ Psixologiya insanın psixi imkanlarını kompleks şəkildə dəyərləndirən, fərdi xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir elmi nailiyyətləri uzlaşdıran bir elmi istiqamət kimi meydana çıxmışdır.
Professor Yaşar İbadovun təsis etdiyi “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzi onun dünyagörüşünün parlaq təcəssümü kimi qiymətləndirilir. Bu mərkəz fəaliyyət göstərdiyi dövrlərdə yalnız elmi yeniliklərin tətbiqi ilə kifayətlənməmiş, eyni zamanda sosial məsuliyyəti də əsas prioritetlərdən biri kimi qəbul etmişdir. Burada psixoloji xidmətlər, diaqnostika və müalicə metodları müasir texnologiyalarla sintez edilərək insanlara daha əlçatan və effektiv formada təqdim olunmuşdur.
“YAY-OSİDO”nun fəaliyyəti sübut etmişdir ki, innovasiya təkcə texniki yenilik deyil, həm də humanist yanaşmadır. Yaşar İbadov bu mərkəz vasitəsilə psixoloji xidmətlərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmasına xüsusi önəm vermişdir. Xüsusilə həssas sosial qruplar üçün göstərilən dəstək onun fəaliyyətinin ən dəyərli istiqamətlərindən biri olmuşdur.
Professor Yaşar İbadov müxtəlif çıxış və yazılarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasəti daim yüksək qiymətləndirmişdir. O, vurğulamışdır ki, ölkədə səhiyyənin inkişafı, tibbi infrastrukturun yenilənməsi, regionlarda müasir xəstəxanaların tikilməsi və kadr potensialının gücləndirilməsi məhz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Yaşar müəllimin fikrincə, dövlətin səhiyyəyə göstərdiyi bu diqqət psixoloji sağlamlıq sahəsinin də inkişafına geniş imkanlar yaratmışdır. Çünki müasir səhiyyə sistemi yalnız cərrahi və terapevtik xidmətlərlə məhdudlaşmır, eyni zamanda psixoloji dəstəyi də özündə ehtiva edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü layihələr, əhalinin rifahının yüksəldilməsi və sağlam həyat tərzinin təşviqi professor Yaşar İbadovun elmi və praktiki fəaliyyətinə güclü stimul vermişdir.
Professor Yaşar İbadovun şəxsiyyətini ucaldan əsas cəhətlərdən biri də onun yüksək humanist dəyərlərə sadiqliyi olmuşdur. O, fəaliyyəti dövründə şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və kimsəsiz insanlara pulsuz psixoloji müayinə və müalicə xidmətləri göstərməklə sadəcə alim deyil, əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.
Bu fəaliyyət formal xeyriyyəçilik deyil, dərin mənəvi borcun ifadəsi kimi dəyərləndirilmişdir. Yaşar müəllim üçün Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinə dəstək göstərmək, sağlamlığını itirmiş qazilərin psixoloji reabilitasiyasına töhfə vermək müqəddəs bir vəzifə olmuşdur. Onun bu istiqamətdə gördüyü işlər bir çox ailələrin həyatında ümid və dayaq mənbəyinə çevrilmişdir.
Professor Yaşar İbadovun elmi irsi bu gün də aktualdır və öyrənilir. Onun yazdığı əsərlər, irəli sürdüyü nəzəriyyələr və praktik metodlar gənc tədqiqatçılar üçün dəyərli mənbə hesab olunur. “Alternativ Psixologiya” elmi istiqaməti Azərbaycan psixologiya elminin inkişaf yolunda mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.
Yaşar İbadovun həyat və fəaliyyəti elm, dövlətçilik və humanizm prinsiplərinin vəhdətini təcəssüm etdirmişdir. O, psixologiyanı yalnız elmi sahə kimi deyil, insanlara xidmət edən mənəvi bir missiya kimi qəbul etmiş, fəaliyyəti ilə müasir Azərbaycan ziyalısının parlaq obrazını formalaşdırmışdır.

Dilşad Əhmədova
Baş redaktor