Gündəm, Cəmiyyət, Ölkə
20 aprel 2022
39633

Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyevin müstəsna rolu olmuşdur

Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyevin müstəsna rolu olmuşdur
Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bunlar da nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli hədiyyələr vermiş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanın bütün bölgələrində ulu öndərin saysız-hesabsız yadigarları var. Bunlar qüdrətli şəxsiyyətin xalqına, millətinə sonsuz məhəbbətinin təzahürüdür.
Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.

Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.
Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır.
Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.
Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.
ünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar.
Son onillikdə Parisdə UNESCO-nun mənzil-qərargahında Məhəmməd Füzulinin, Qara Qarayevin və «Kitabi-Dədə Qorqud» dastanının yubileylərinin yüksək səviyyədə keçirilməsi də ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir və Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində mühüm rol oynamışdır.
Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.
Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.
Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: «Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur».
Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər.


Emin Nağıyev
5 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru


Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyevin müstəsna rolu olmuşdur
Geri 1 2 3 4 5 6 7 8 9 10 ... 13 İrəli