Gündəm
26 may 2021
1399

"Kontakt Home" əməkdaşlarının şəhid anasına zülmü - yalvardım ki, çarpayıdan onun iyini alıram...

"Kontakt Home" əməkdaşlarının şəhid anasına zülmü - yalvardım ki, çarpayıdan onun iyini alıram...

Şəhid Şirəli Adilov bircə ay imiş ki, ailə həyatı qurub. Bu zaman onlar “Kontakt Home”dan kreditlə mebel alıblar. Şirəli şəhid olandan 2 ay sonra Bakıxanov qəsəbəsindəki “Kontakt Home”un əməkdaşları borca görə şəhidin evindən mebelləri götürüb aparıblar. Ana deyir ki, nə qədər desə də oğlunun çarpayısıdır, orada onun qoxusu qalıb, aparmayın, qulaq asmadan çarpayını söküb aparıblar.

Bu məzmunda məlumat son iki gündür ki, sosial şəbəkələrdə geniş müzakirə edilir. Qeyd olunur ki, şəhidin qardaşı və bacısının səhhətində problemlər olduğu üçün işləyə bilmirlər: “Şirəli döyüşlərə yollanmazdan əvvəl “moyka”da və dönərçi kimi işləyərək ailəni dolandırırmış. Amma indi vəziyyət başqa cürdür”.

Şəhidin anası Zümrüd xanım 13 il əvvəl yoldaşından ayrıldığını bildirib. O, ailənin ehtiyacı olduğu halda, YAŞAT Fondu tərəfindən verilən müavinətin şəhidin atasına ödənildiyini bildirib.

Şəhid valideyninin iddiaları ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin mövqeyi belə oldu: ”Bəzi bloggerlər mövzunu heç bir araşdırma aparmadan, dəqiqləşdirməyə ehtiyac duymadan geniş auditoriyanın qarşısına çıxararaq cəmiyyətdə çaşqınlıq yaradıblar. Müharibənin ilk günlərindən şəbəkəmiz tərəfindən şəhid və qazi ailələrinə edilən yardımlar geniş ictimaiyyətə məlumdur. Bəzi KİV nümayəndələri mövzuya aydınlıq gətirmək istəsəydilər, məsələni dərindən araşdıra bilərdilər. Lakin biz öz tərəfimizdən belə bir həssas mövzuda adımızın hallandırıldığına təəssüf edərək məsələyə tam aydınlıq gətirmək istəyirik".

“Kontakt Home”: “Fəhlələr məhsul sahibinin tələbini yerinə yetirib”
“Kontakt Home” bildirir ki, sözügedən yataq dəsti şəhidimizin ailəsinə deyil, onun qayınanası Məmmədova Azadə Süleyman qızına məxsusdur: "Azadə xanım məhsulu qızı ailə həyatı qurarkən ona hədiyyə etmişdir. Şirəli bəy şəhid olduqdan sonra qızı ata evinə geri qayıdıb. Azadə xanım “Kontakt Home”un Çağrı Mərkəzinə müraciət edərək, məhsul üzrə ödənişlərini davamlı olaraq etsə də ondan imtina etdiyini və yataq dəstini geri qaytarmaq istədiyini bildirib. Çağrı Mərkəzinin operatoru Azadə xanımın kürəkəninin şəhid olduğunu öyrəndikdən sonra borcun şirkət tərəfindən bağışlanılması və məhsulun şəhidin evində qalmasını təklif edib. Lakin o buna razı olmayıb və məhsulun sahibi olaraq təkidlə geri qaytarılmasını istəyib. Çağrı Mərkəzi ilə həyata keçirilmiş bütün bu danışıqların səs yazıları mövcuddur. Yaranmış və ya yarana biləcək çaşqınlıqların qarşısını almaq üçün faktları ictimaiyyətin diqqətinə çatdırmağa hazırıq.

Məhsulun sahibi tərəfindən belə qəti tələb olması səbəbindən əməkdaşlarımız qaytarılma üçün ünvana yaxınlaşıb. Qaytarılma prosesi məhsulun sahibi Azadə xanımın və şəhidin ailəsinin də iştirakı ilə həyata keçirilib. Yəni burada fəhlələr məhsul sahibinin tələbini yerinə yetirib”.

Aydın olduğu kimi, “Kontakt Home” mağazalar şəbəkəsinin sözügedən mövzuda heç bir təqsiri yoxdur. Amma nədənsə, mövzu fərqli şəkildə işıqlandırılıb və şəbəkənin ictimai nüfuzu hədəf alınıb. Bir daha xatırlatmaq istərdik ki, "Kontakt Home" ailəsi olaraq, Vətən müharibəsi qazilərinin müalicəsinə, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, eyni zamanda hərbiyə yollanmış şirkət əməkdaşlarının ailələrinə dəstək istiqamətində ümumilikdə 500 000 manatdan yuxarı maddi yardım edib. Həmçinin, şəhid ailələrinin, əmək qabiliyyətini itirmiş müharibə qazilərinin şəbəkəyə olan borclarını ləğv edib, müharibə iştirakçılarının aktiv borclarını dondurub. Güzəştlər bugünə qədər davam etməkdədir. Bu barədə güzəşt etdiyimiz ailələr özləri ictimaiyyətə məlumat təqdim edə bilər”.

İlqar Hüseynli: “Mən bunu dəyərlərimizə edilən hücum sayıram”
Mövzu ilə bağlı ekspert İlqar Hüseynlinin sözlərinə görə, Azərbaycan cəmiyyətində çox paradoksal bir vəziyyət yaranıb: “Sanki 44 günlük müharibə dönəmində Azərbaycan Ordusu ilə bağlı qürurlu fikirlər söyləyən, davranışlar edən məmur, oliqarx zümrəsi tam dəyişib. Mən “Kontakt Home”un hərəkəkətini tam biabırçılıq sayıram. Bu davranış mütləq araşdırılmalıdır. Burada həm də siyasi münasibət bildirilməlidir. Həmin şirkətin sahibi Milli Məclisdə oturur. Onun özü bu davranışa şəxsən münasibət bildirməliydi. İctimaiyyət çox ciddi şəkildə bu mövzunun üstünə gedir. Mən bunu dəyərlərimizə edilən hücum sayıram. Şirkət həmin çarpayının yanına başqa bir aksesuar qoymaqla şəhid ailəsinə öz dəstəyini ifadə etməliydi. Bununla şirkət müflis olmayacaqdı. Bütün şəhid ailələrinə həmin şirkətdən pulsuz məhsullar verilsə belə, onlar müflis olmaz. Onsuz da şirkət müxtəlif kampaniyalarla ölkə vətəndaşlarından külli miqdarda pul qazanır. Bu hala ölkə rəhbərliyi səviyyəsində qiymət verilməlidir. Belə hadisədən sonra Aazərbaycan vətəndaşları da həmin şirkətə münasibətini kardinal şəkildə dəyişməlidir”.