Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
27 noyabr 2022
361
Azərbaycanda iqtisadi islahatlara mühüm əhəmiyyət verilir
“İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.
Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Tarixdən məlum olduğu kimi, şəxsiyyətlərin cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Məhz Ulu Öndərin gərgin əməyinin nəticəsində dövlət müstəqilliyinin ilk illərində dərin böhrana düçar olmuş ölkə iqtisadiyyatı yenidən və müasir dövrün tələblərinə uyğun qurulub, dünya iqtisadiyyatına inteqrasiya edilib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi kurs hazırkı dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır.
Hələ 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, buradakı müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Bununla belə, bu da az imiş kimi, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad olmağa imkan verirdi, əksinə vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər. Beləliklə də, ulu öndər Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Eyni zamanda, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq Dövlət proqramları təsdiq olundu.
Heydər Əliyev iqtisadi strategiyası hələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Prezident İlham Əliyev 2003-cü ildə seçkiqabağı çıxışlarında Ulu Öndərin müəyyən etdiyi ümumi iqtisadi kursun davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu kurs dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: “Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On səkkiz il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”.
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə çevrilməsi ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Xüsusilə də 1990-cı illərin ortalarından başlayaraq görülmüş tədbirlər milli iqtisadiyyatın sabitləşdirilməsində və inkişafında həlledici rol oynamışdır.
Heydər Əliyevin milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin edilməsindən, digər tərəfdən də iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən ibarət olmuşdur. Belə bir siyasi impuls olmadan iqtisadi quruculuq sahəsində böyük uğurlar əldə etmək mümkün olmazdı.
Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.
Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 18 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.
Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2022-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.
Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.
Beləliklə, 2003-2022-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, torpaqlarımız işğaldan azad olundu, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alıb öz seçimini bir qayda olaraq onunla bağlayır, dövlətimizin idarə edilməsini tərəddüd etmədən Lider Şəxsiyyətə etibar edir...
Nazim Bəydəmirli
Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı, İqtisad elmləri doktoru, “Bəydəmirli Xeyriyyə Fondunun” təsisçisi.
Daha çox xəbər:
Qurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəHeydər Əliyev Azərbaycanın iqtisadiyyatında və taxılçılığında mühüm rolu
Gündəm, Cəmiyyət, Ölkə, BölgəHeydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli
Gündəm, Siyasət, Ölkə, BölgəSumqayıt Dövlət Yol Polis İdarəsinin rəisi Şamxal Əliyev: Sumqayıt şəhərini ...
GündəmBakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Mehralıyev Rəf ...
Gündəm