Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
31 mart 2023
507

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.
Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Faciənin günahsız qurbanları içərisində qadınlar və uşaqlar xüsusi ilə seçilir. Erməni vandaliziminin bariz nümunəsi olaraq xüsusi amansızlıqla öldürülən azyaşlıları və silahsız qadınları göstərmək olar. Onların ağlasığmaz işgəncələrlə öldürülməsi faciənin ağırlığını bir daha sübut edir. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Məlumatlarda deyilir ki, 1918-ci il 30 mart tarixində axşam saat 05:00-da Bakıda ilk atəş səsləri eşidildi. Əvvəlcədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, 3 – 4 günlük körpələri xəncərlə qətlə yetirir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyidi tapılmışdı.1918-ci ilin mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Qoşunu ilə Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Tarixi sənədlərdə göstərilir: «Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış Axund Molla Səfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini düşünürdülər. Amma ermənilər məscidə girərək, axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər məsciddəki bütün qadınlar öldürüldü».
Təqribən 8000-ə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. Aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə müsəlman türk və ləzgi qətlə yetirilmişdi. Heç təsadüfi deyil ki, 2007-ci il aprelin əvvəllərində Quba ərazisində kütləvi məzarlıqlar aşkar edilmişdir. Bütün bunlar bir daha azərbaycanlılara qarşı soyqırımı təsdiqləyir. İrəvan quberniyası ilə qonşu olan Azərbaycanın Zəngəzur mahalında 115 kənd dağıdılmış, 3257 nəfər kişi, 3276 nəfər qadın, 2196 uşaq qətlə yetirilmişdir.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Demokratik Respublikası 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, rus dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu.

Lakin 1920-ci ilin 28 aprelində Sovet ordusu ADR-i süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi. Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində də Ümummilli Liderimiz Heydər Əliyev öz dahiliyini və müdrikliyini göstərdi. Onun 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi - siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu.
1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin İ.V.Stalinin imzası ilə təsdiqlənmiş qərarına əsasən 100 min azərbaycanlı Ermənistanın dağlıq rayonlarından Azərbaycanın malyariya yayılmış qızmar iqlimi olan Kür-Araz ovalığına köçürülmüşdür.100.000-dən artıq Azərbaycan türklərinin köçürülməsini və sonra bu haqsızlıqlardan ilham alan erməni daşnaqları 1988-ci ilin fevralında Ermənistandan Azərbaycana qaçqınların kütləvi axını başladı. 230 mindən artıq azərbaycanlı müsəlmanlarını öz doğma yurd-yuvasından silah gücünə qovub çıxarılmış, 215 nəfər isə qətlə yetirilmişdi. Erməni silahlıları müdafiəsiz insanları amansızcasına qarət edir, döyür, vəhşicəsinə öldürürdülər. Bu, həmin torpaqlarda min illər boyu yaşamış insanlara qarşı erməni daşnaqları tərəfindən çoxdan işlənib hazırlanmış plan üzrə davamlı olaraq aparılan etnik təmizləmə əməliyyatının tərkib hissəsi idi.
1990-cı il yanvarın 19-dan-20-nə keçən gecə Azərbaycan xalqına qarşı cinayətkar hərbi əməliyyat həyata keçirildi. Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı, SSRİ rəhbərliyinin Azərbaycan xalqı barəsində apardığı qərəzli siyasətə və yerli rəhbərliyin xəyanətkar fəaliyyətinə qarşı etiraz əməliyyatı olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədi ilə Bakıya və Respublikanın bir sıra rayonlarına sovet hərbi hissələri yeridildi. Beləliklə, qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 131 adam öldürüldü. 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.
1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə saat 12-də erməni hərbi quldurları, Xankəndində olan keçmiş SSSRİ 366-cı motoatıcı polkunun ağır texnikası və şəxsi heyətinin köməkliyi sayəsində Xocalı şəhərinin dinc sakinlərinə qarşı amansız qırğın törətdilər. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlı müsəlmanının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə qətlə yetirilmişdir. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da müharibələrində olmamışdır. İnsanlar amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. 613 adam öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, yaşlılar-70 nəfər.8 ailə tamamilə məhv edilib.25 uşaq hər 2 valideyinini itirib.130 uşaq bir valideyndən məhrum olub.487 adam yaralanıb, onlardan 76-sı uşaq.1275 insan erməni cəlladlarına əsir düşüb.150 nəfər insan itgin düşüb.
XX əsrin əvvəllərində 1905-1907, 1915, 1918-1920, 1948-1953, tarixi mərhələləri təhlil edərkən 1988-1994-ci illər arasında baş verən hadisələrinin ardıcıllıqını aşağıda göstərmək olar: 1988-ci ildən başlayaraq erməni ekspansiyası, ermənilərin Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırım qurbanlarının sayını xeyli dərəcədə artırmışdır. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 50 mindən çoxu əlil olmuş, 4 mindən çox əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin təsirinə məruz qalmışdır. Onu da demək lazımdır ki, indiki dövrdə Azərbaycanda erməni millətçi zülmündən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur. 1992-ci illərdə tarixi dəyişikliklər məqamından istifadə edən ermənilər öz havadarları ilə birlikdə bizim ərazilərimizdə faciələr törətmişlər. Minlərlə azərbaycanlılarımızı amansızcasına qətlə yetirmişdilər. Dağlıq Qarabağ və 7 rayon tam işğal olunmuş, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salmışlar. XX əsrin əvvəllərindən indiyə qədər ermənilərin planlı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanlı müsəlmanlarına qarşı soyqırımın tarixi ardıcıllığını diqqətlə təsvir etdikdə məlum olur ki, xalqımıza qarşı törədilmiş soyqırımlar nəticəsində 2 milyondan çox soydaşımız məhv edilmiş və ölkəmiz maddi və mənəvi itkilərə məruz qalmışdır.
Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, azərbaycanlı müsəlmanlarına qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.
Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki məqsədyönlü, qətiyyətli mövqeyi Azərbaycan həqiqətlərini bütün dünyaya layiqincə çatdırmaq və bu məsələdə ədalətli həll yolu tapmaq imkanı verəcək.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!


Əhməd Əhmədzadə
Azərbaycan Respublikasının Baş nazirin müşaviri
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür