Gündəm, Siyasət, Ölkə
25 aprel 2023
360

Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu

Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu
İctimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun müasirləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı təminatı baxımından məhkəmələrin fəaliyyətində çevik mexanizmlərin tətbiqi mühüm şərtlərdən sayılır. Avratlantik məkana inteqrasiya kursunu prioritet seçməklə hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş müstəqil Azərbaycan Respublikasında da dövrün tələblərinə cavab verən məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə gerçəkləşən bu islahatların qayəsində məhz vətəndaşların konstitusion hüquq və azadlıqlarının maksimal müdafiəsi məsələsi dayanmışdır.
Bu gün tam əminliklə demək olar ki, məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Əsas Qanunda respublikada müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əksini tapmış, habelə bu qurumun dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir.
Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qanun əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır.
Ulu öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini də daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. Bu baxımdan, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır.
Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.
Ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölkə rəhbərinin ölüm hökmünün ləğvi ilə bağlı humanist təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdir.
Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır.
İnsan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatına xidmət edən bu siyasət son 19 ildə yeni dövrün tələbləri səviyyəsində davam etdirilir. İslahatların keyfiyyətcə yeni mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafına, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, regionlarda hüquq infrastrukturunun genişləndirilməsinə imkan yaratmışdır. Sonrakı illərdə əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə regionlarda yeni apelyasiya, inzibati-iqtisadi, ağır cinayətlər məhkəmələri yaradılmışdır.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor fəaliyyətə başlamışdır.
Hakim seçkilərinə dair yeni qaydalara əsasən, hakim olmaq üçün ilk dəfə olaraq 2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmişdir. Hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil olunmuş, bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik şəxslər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən Türkiyənin mütəxəssisləri, Avropa Şurasının insan hüquqları üzrə ekspertləri cəlb olunmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyev son 19 ildə əfvetmə institutunun da çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Cənab İlham Əliyevin ötən müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Hər bir vətəndaşın Prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Əliyev bu və digər səbəblərdən cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, qeyri-hökumət təşkilatlarının, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev bir-birinin ardınca əfv fərmanı imzalayır. Ölkə başçısı 19 il müddətində əfvlə bağlı fərmanlar imzalamış, 7000-dən çox məhkumu cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad etmişdir.
Bu prosesdə yaxından iştirak edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva insan hüquq və azadlıqlarının müdafəsində yaxından iştirak edir. Fond hələ 2007-ci və 2009-cu illərdə nəcib təşəbbüslə çıxış edərək minlərlə məhkumun sağlam həyata - azad cəmiyyətə və ailəsinə qovuşmasını təmin etmişdir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın qanunvericilik təşəbbüsü əsasında irəli sürdüyü növbəti amnistiya aktı 2013-cü il mayın 7-də Milli Məclisdə yekdilliklə qəbul olunmuşdur. Milli Məclisin qəbul etdiyi amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqətipli cəzaçəkmə məntəqələrində saxlanan, islah və ictimai işlərə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslər də amnistiyaya düşəcəklər.
Son illər ərzində Azərbaycan parlamentarizmi tarixində ilk dəfə Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi, siyasi məzmun kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş növbəti amnistiya aktı isə onun fəaliyyətinin yüksək humanizm və insanpərvərliyə əsaslandığını bir daha təsdiqləyir.
Dövlət başçısı cənab İlham Əliyev ölkədə hüquqi, siyasi və iqtisadi islahatların bundan sonra da paralel şəkildə aparılacağını, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dövlət səviyyəsində lazımi diqqət və qayğının göstəriləcəyini xüsusi vurğulayır. Şübhə etmədən demək olar ki, dövlət başçısının uğurla həyata keçirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

Həbib Bəhram oğlu Həsənov
Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri