Siyasət
21 avqust 2020
292

Lavrov Tovuz döyüşlərinə görə Ermənistanı ittiham etdi

Lavrov Tovuz döyüşlərinə görə Ermənistanı ittiham etdi


Rusiyanın “Trud” qəzetinə müsahibə verən Xarici İşlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı danışıb.

Jurnalistin döyüşlərlə bağlı sualını cavablandıran XİN rəhbəri yaranmış vəziyyətə görə Ermənistanı günahlandırıb.

Belə ki, nazir jurnalistin “Azərbaycan - Ermənistan sərhədində növbəti şiddətlənmənin arxasında nə dayanır və onun genişmiqyaslı hərbi münaqişəyə çevrilmə ehtimalı nə qədərdir?” sualına cavab olaraq deyib: “Bu döyüşlərin arxasında bir sıra kompleks səbəblər dayanır. Əsası, şübhəsiz ki, həll olunmamış Qarabağ problemidir. Üstəlik, sərhədin hər iki tərəfindəki ictimai məkanın qeyri-adi dərəcədə istiləşməsi. Coğrafi amil də bir növ təhrikedici rol oynadı: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini reanimasiya etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəfin (Ermənistan - red.) qeyri-adekvat reaksiyası nəticədə ən gözlənilməz nəticələrə yol açdı”.

Lavrov qeyd edib ki, vəziyyəti sabitləşdirmək üçün iyulun 13-də Rusiya Xarici İşlər Nazirliyi tərəfləri dərhal atəşkəsə çağırıb, həmçinin Azərbaycan və Ermənistandakı həmkarları ilə telefon danışığı aparıb və Rusiyada hər iki ölkənin diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin vaxtından əvvəl bərpa olunacağını gözləyir.

“Biz bu barədə ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”, - deyə Lavrov qeyd edib.