Gündəm, Cəmiyyət, Ölkə
07 iyul 2022
487

DİNİMİZ İSLAM - KİTABIMIZ QURAN

DİNİMİZ İSLAM - KİTABIMIZ QURANİslam dininə görə, Allaha və Allahın birliyinə, Məhəmmədin son peyğəmbər olduğuna, mələklərə və onların gətirdiyi kitablara, eləcə də axirət həyatının mövcudluğuna inanan şəxslərə "müsəlman" deyilir.
İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın VII əsrində meydana gəlib. "İslam" ərəb dilindən tərcümədə “təslim olmaq” mənasını bildirir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona bu ad verilib.
İslam dininə mənsub insanlara "müsəlman" deyilir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər.
İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi məscid adlanır. Məscid namaz qılınan məkanı ifadə edir.
Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.
Kəbənin üzəri "kisvah" adlanan, qızıl saplarla işlənmiş ipək parça ilə örtülür. Bu örtük hər il həcc mövsümündə yenisi ilə əvəz olunur. Kisvah 658 m2 bir sahəni örtür və onun toxunulmasına 670 kiloqram xalis ipək işlədilir. Onun üzərindəki naxışların vurulması üçün isə 15 kiloqram qızıl saplardan istifadə olunur. Bu naxışlarla ipəyin üzərinə şəhadət kəliməsi və Quran ayələri yazılır. Bu örtük 47 hissədən ibarətdir. Bu örtük Kəbənin üzərinə örtülür və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi təqribən 4.5 milyon ABŞ dollarına başa gəlir.
Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 sm və eni 1,5 m olan yarım dairə şəkilli, ağ mərmərdən tikilmiş divar var. Bu ərazi "Hatim" adlanır ve Kəbənin bir parçası hesab olunduğu üçün, təvaf zamanı oraya daxil olunmasına icazə verilmir.
Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Oraya qalxmaq üçün təkərlər üzərində quraşdırılmış taxta pilləkəndən istifadə olunur. Bu pilləkən adətən məsciddə, arka formalı Bəni Şeybə qapısı ilə Zəm-zəm quyusunun arasında saxlanılır. Kəbənin döşəməsi qranitdəndir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.
Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. Kəbənin açarları Bənu Şeybə qəbiləsində saxlanılır. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə yuyurlar.
Rəvayətə görə Adəm (ə) və Həvva cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir və onlar uzun ayrılıqdan sonra Məkkə ərazisində, Ərəfat dağında bir-birilə tapışır. Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.
Rəvayətə görə, İbrahim peyğəmbər (ə) xanımı Hacərin ölümündən sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur. Bu yeri İbrahim peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o, Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayılə kömək etmişdir. Bununla da ilk insan – Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir. Lakin nə tarixi faktlar və nə də arxeoloji sübutlar nəinki Kəbənin bu qədər qədim olmamasını, hətta Məkkə şəhərinin belə qədim olmadığını deyir. Məkkə və Kəbənin tarixi 4-cü əsrdən daha qədimə getmir.
Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər. Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim peyğəmbərin və İsa peyğəmbəri (s.ə.s) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi. Məkkənin fəthi zamanı Kəbədəki bütlər Məhəmməd peyğəmbər (s) tərəfindən məhv edildi. Burada yalnız Kəbə Evinə bərkidilmiş Qara daşı saxladılar. Müsəlmanlar bu daşın səmadan, cənnət bağlarından endirildiyinə inanır. Onlar bu daşın Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının təmizlənməsi üçün göndərildiyini düşünür.
Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi. Oranı ziyarət etmək isə İslamın başlıca şərtlərindən biri oldu. Tarixi məlumatlara görə, Məhəmməd peyğəmbər (s) hələ hicrətdə – Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytul-Müqəddəsə, Qüds şəhərinə tuturdular. Buna dair Allahu-Təalə Bəqərə surəsinin 149-cu ayəsində belə buyurmuşdur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". İslam sivilizasiyasının ərsəyə gəldiyi ilk vaxtlardan – 632-ci ildən başlayaraq Məkkəni və oradakı ən qədim ibadət ocağı olan Kəbə Evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmışdır. Bu ayin Həcc ziyarəti adı ilə məşhurdur. Allah"Ali-İmran" surəsinin 96-97-ci ayələrində buyurur: "Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur".
Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
Əziz bacı və qardaşlarım!
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.
Qurban bayramınız mübarək olsun!

Həmid Həsənov
"AzFEN" BM-nin baş direktoru

DİNİMİZ İSLAM - KİTABIMIZ QURAN