Gündəm, Cəmiyyət, Ölkə
18 mart 2023
588

Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir

Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir
Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində sosial-iqtisadi həyatın bütün sahələrinin, eləcə də yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirmişdir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri dahi şəxsiyyətin bu sahənin tərəqqisinə necə önəm verdiyinin bariz ifadəsidir.
Görkəmli dövlət xadiminin respublikamıza rəhbərliyinin ilk dövründə mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və yenidən qurulması diqqət mərkəzində saxlanılmış, yol təsərrüfatında yeni sənaye sahələri yaradılmış, yolların keyfiyyətini ümumittifaq səviyyəsinə qaldırmaq üçün yol infrastrukturunun inkişafına yönəldilən kapital qoyuluşunun həcmi xeyli artırılmışdır.
Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxarmış, vətəndaş müharibəsinin qarşısını almış, atəşkəsə nail olmuş və beləliklə, böyük xilaskar missiyasını yerinə yetirmişdir. Eyni zamanda, ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas etmək üçün mühüm tədbirlər həyata keçirmişdir.
Ümummilli liderin rəhbərliyi ilə o dövrdə köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatında da tənəzzülə son qoyulmuşdur.
Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci dönəmində, 1993-2003-cü illərdə respublikanın yol təsərrüfatında uğurla reallaşdırılan islahatların bəzi məqamlarını da diqqətə çatdırmaq istərdim. Əvvəlcə isə onu qeyd edim ki, ölkənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atan ulu öndər yaxşı bilirdi ki, iqtisadiyyatın əsas sütunlarından olan yol təsərrüfatının yenidən qurulması, dirçəldilməsi həllini gözləyən ən vacib məsələlərdən biridir. Ona görə də bu sahədə vəziyyət tezliklə nəzarətə götürüldü. Avtomobil yollarının tikintisi, təmiri və saxlanması ilə məşğul olan müəssisələrin sayı artırıldı. Yol təsərrüfatında aparılan struktur islahatları nəticəsində fəaliyyət mexanizmində səmərəliliyə nail olundu. Bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirən Prezident Heydər Əliyevin müvafiq fərmanları ilə “Dövlət Yol Fondunun yaradılması” və “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasının Beynəlxalq avtomobil marşrutlarının Avropa razılaşdırılmasına qoşulması haqqında” qanunlar qüvvəyə mindi.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində yol təsərrüfatında əldə edilmiş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafında önəmli rol oynamışdır. Son 19 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, sosial-iqtisadi inkişafa mühüm təsir göstərən infrastrukturun, o cümlədən avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkələrinin bərpasına xüsusi önəm verilmişdir.
Yuxarıdakı fikrin təsdiqi olaraq, ötən müddətdə yol təsərrüfatında baş verən mühüm dəyişikliklərin, əldə edilən nailiyyətlərin qısa mənzərəsinə diqqət yetirmək istərdim. Əvvəlcə xatırladım ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının rəhbərliyi ilə bu sahədə idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilmiş, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, istismarı, tikintisi və təmiri, eyni zamanda, qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatın inkişafında fədakar əməyi ilə seçilən yol işçilərinin fəaliyyətini yüksək qiymətləndirərək hər il fevralın 22-sinin avtomobil yol işçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında fərman imzalamışdır.
Bütün bu sadalananlar onu göstərir ki, son 19 ildə ölkə rəhbəri möhtərəm ­İlham Əliyev avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, habelə yenidən qurulmasına xüsusi diqqət yetirməklə bərabər, Bakıda, digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınmasını, nəqliyyat qovşaqlarının, körpülərin tikintisini daha da sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur.
Bu dövrdə respublikamızın Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP, Cənubi Qafqaz boru kəmərinin çəkilməsində, Şimal-Cənib, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında aparıcı rol oynaması, nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında fəal iştirakı Azərbaycanın nəqliyyat potensialını gücləndirmiş, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir. Şübhəsiz ki, bu, respublikamızın avtomobil yolları şəbəkəsinin, həmçinin yol infrastrukturunun bərpasına və yenidən qurulmasına, sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilməsinə güclü təkan vermiş, bir sözlə, yol-nəqliyyat sahəsində müasir tələblərə uyğun islahatların davam etdirilməsini zərurətə çevirmişdir. Nəticədə ölkədə yol infrastrukturu daha da müasirləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırılmış, yol qovşaqları, körpülər tikilmiş və digər modernləşdirmə işləri aparılmışdır.
Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli müvafiq fərmanı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması da məhz həmin vaxt reallaşdırılan islahatların tərkib hissəsi olmuşdur. Digər tərəfdən, avtomobil yolları sahəsində idarəetməni, habelə nəzarət mexanizmini daha da təkmilləşdirmək, görülən işlərin səmərəliliyini artırmaq qərara alınmışdır. Qarşıya yol, körpü tikintisində keyfiyyətin yüksəldilməsi, layihə işlərinin yaxşılaşdırılması, tikintilərin nəzərdə tutulan vaxtda başa çatdırılması kimi mühüm vəzifələr qoyulmuşdur.
Dünyanın 140 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir.
Bu sadalanan nailiyyətlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini daha səylə çalışmağa, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verməyə ruhlandırmışdır.
Ötən il möhtərəm Prezidentimizin təşəbbüsü ilə icra olunan layihələr sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni yolun çəkilməsi, Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun 64 kilomterlik hissəsinin bərpası, bununla yanaşı, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun uzunluğu 16,5 kilometrlik hissəsinin istifadəyə verilməsi, Pirallahı qəsəbəsini sahillə birləşdirən və uzunluğu 422 metr olan yeni körpünün açılışı da mühüm hadisəyə çevrilmişdir.
Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini diqqətə çatdıran möhtərəm dövlət başçımız öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat, müasir yol şəbəkəsi təqdim edir. Bu yollar respublikamızı, həm də daha yüksək zirvələrə aparır, onun inkişafının dönməzliyini şərtləndirir.

Xudayar Rəhimov
Cəlilabad Yol Tikinti İdarəsinin rəisi