Gündəm, Siyasət, Ölkə
08 dekabr 2022
300
Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir
Böyük qələbənin möhtəşəm yolları
Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində sosial-iqtisadi həyatın bütün sahələrinin, eləcə də yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirmişdir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri dahi şəxsiyyətin bu sahənin tərəqqisinə necə önəm verdiyinin bariz ifadəsidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi Bəhruz Lələyev: Şanlı tariximizin Zəfər günlərinin ikinci ildönümünü yaşayırıq. Müstəqilliyinin bərpasından sonrakı qısa zaman ərzində Cənubi Qafqazın ən güclü, ən qüdrətli dövlətinə çevrilən Azərbaycan İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə iki-əsrlik münaqişəyə, otuzillik işğala son qoydu.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoydu. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, yeni nəqliyyat kommunikasiyalarının açılmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.
Görkəmli dövlət xadiminin respublikamıza rəhbərliyinin ilk dövründə mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və yenidən qurulması diqqət mərkəzində saxlanılmış, yol təsərrüfatında yeni sənaye sahələri yaradılmış, yolların keyfiyyətini ümumittifaq səviyyəsinə qaldırmaq üçün yol infrastrukturunun inkişafına yönəldilən kapital qoyuluşunun həcmi xeyli artırılmışdır. Bütün bunların nəticəsində isə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5 dəfə, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmış, 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollar asfalt-beton örtüyü ilə əvəzlənmişdir.
Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxarmış, vətəndaş müharibəsinin qarşısını almış, atəşkəsə nail olmuş və beləliklə, böyük xilaskar missiyasını yerinə yetirmişdir. Eyni zamanda, ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas etmək üçün mühüm tədbirlər həyata keçirmişdir.
Ümummilli liderin rəhbərliyi ilə o dövrdə köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatında da tənəzzülə son qoyulmuşdur.
Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci dönəmində, 1993-2003-cü illərdə respublikanın yol təsərrüfatında uğurla reallaşdırılan islahatların bəzi məqamlarını da diqqətə çatdırmaq istərdim. Əvvəlcə isə onu qeyd edim ki, ölkənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atan ulu öndər yaxşı bilirdi ki, iqtisadiyyatın əsas sütunlarından olan yol təsərrüfatının yenidən qurulması, dirçəldilməsi həllini gözləyən ən vacib məsələlərdən biridir. Ona görə də bu sahədə vəziyyət tezliklə nəzarətə götürüldü. Avtomobil yollarının tikintisi, təmiri və saxlanması ilə məşğul olan müəssisələrin sayı artırıldı. Yol təsərrüfatında aparılan struktur islahatları nəticəsində fəaliyyət mexanizmində səmərəliliyə nail olundu. Bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirən Prezident Heydər Əliyevin müvafiq fərmanları ilə “Dövlət Yol Fondunun yaradılması” və “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasının Beynəlxalq avtomobil marşrutlarının Avropa razılaşdırılmasına qoşulması haqqında” qanunlar qüvvəyə mindi.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində yol təsərrüfatında əldə edilmiş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafında önəmli rol oynamışdır. Son 19 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, sosial-iqtisadi inkişafa mühüm təsir göstərən infrastrukturun, o cümlədən avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkələrinin bərpasına xüsusi önəm verilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruq"la 44 günə düşməndən azad etdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını indi dəmir iradə ilə yenidən qurur. Bu isə tarixinin ən qüdrətli Azərbaycanının iqtisadi qüdrətinin göstəricisidir desək, yanılmarıq.
Artıq 2 ildir ki, erməni faşizminin 30 il ərzində xarabalığa çevirdiyi torpaqlarımızda aparılan bərpa və yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirib. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlardan biri məhz yeni yolların çəkilişinə başlanmasıdır. Çünki yollar olmadan normal sosial və iqtisadi sistem qurmaq mümkünsüzdür.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasını qarşımızda əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Çünki müasir yol-nəqliyyat infrastrukturu olmadan həmin ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil.
Bununla yanaşı, işğaldan azad olunan ərazilərin turizm potensialı da kifayət qədər böyükdür. Həmin potensialdan bəhrələnmək üçün isə ilk növbədə müasir yollar olmalıdır. Bu səbəbdən də dövlətin işğaldan azad olunmuş ərazilərimizin yol-nəqliyyat infrastrukturu ilə bağlı layihələri kifayət qədər genişdir.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç vaxt yolu olmayan yerlərə də asfalt yol çəkilir. Təkcə ötən il 700 kilometrə yaxın yol inşa edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu yaradılarkən ən müasir standartlar tətbiq olunur. Digər bir mühüm amil ondan ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə edilir. Cəmi 2 il əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Azərbaycan dövləti yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad olunan ərazilərdə ən müasir standartlara uyğun yol-nəqliyyat infrastrukturları yaradır.
Ümumiyyətlə, son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu formalaşıb. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan yolların keyfiyyətinə görə Asiyada 10-cu, dünyada 24-cü, MDB-də isə birinci yerdədir.
Bu il sentyabr ayının 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu istifadəyə verilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu çəkir.
Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini diqqətə çatdıran möhtərəm dövlət başçımız öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat, müasir yol şəbəkəsi təqdim edir. Bu yollar respublikamızı, həm də daha yüksək zirvələrə aparır, onun inkişafının dönməzliyini şərtləndirir.
Daha çox xəbər:
Azərbaycanda iqtisadi islahatlara mühüm əhəmiyyət verilir
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəAzərbaycanda ən müasir yol infrastrukturu qurulur
Gündəm, Cəmiyyət, ÖlkəHacı Rauf Sərdarov: Erməni vandallığından azad olunmuş bütün şəhərlərin, kə ...
Gündəm, ÖlkəFəqan müəllim: Doğurdan da, yol sahəsində çalışanların əməyini, zəhmətini s ...
CəmiyyətMahmud Bagırov: Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi ...
Sosial