Gündəm, Siyasət, Ölkə
12 dekabr 2022
304

DÜNYANI HEYRAN QOYAN DAHİ BİR İNSAN

DÜNYANI HEYRAN QOYAN DAHİ BİR İNSAN
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz xarakter alıb.
Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev sağlığında əfsanələşmiş, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla, böyük ehtiramla danışır, onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik şəxsiyyət adlandırırlar.
Bu böyük insan təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. Elə bir həyat ki, nə zaman, nə də məkan anlayışına sığmır. O, bütün mübarizələrdən qalib çıxıb. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Vətənə və xalqa bağışlanmış bu ömrün ayrı-ayrı məqamları, tarixi anları fotoşəkillərdə yaşayır.
Heydər Əliyevin portret cizgiləri sırasında onun ailəyə münasibəti də qabarıq ştrixlərlə seçilir. Gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb, istirahət nə olduğunu bilməyib. Bununla belə, ailə üzvləri ilə birlikdə gözəl anlar yaşamağa da imkan tapıb. Ulu Öndərin ailə albomundakı fotoşəkillərdə biz onu doğmalarının əhatəsində görürük.
Azərbaycanın ən yeni tarixi və intibah dövrü Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib. Həmin illər haqlı olaraq tariximizin Heydər Əliyev dövrü adlandırılır.
Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi: ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar – “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Pambıq, tərəvəz, üzüm istehsalı dəfələrlə artdı. Bunun məntiqi nəticəsi olaraq əhalinin güzəranı da yaxşılaşdı, Azərbaycan intibah dövrünə qədəm qoydu.
Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub. O, vaxtilə SSRİ-nin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmiş, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Bu hadisələr Azərbaycanda əsil bayram əhvali-ruhiyyəsi ilə qarşılanmışdı. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi.
Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə oldu. O, öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini durmadan artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri də baş qaldırırdı.
Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilaf səbəbindən vəzifəsindən istefa verdi. Bundan istifadə edən erməni şovinistləri Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə başladılar. Onda da, indi də bir çoxları əminliklə deyir: “Əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də Qara Yanvar hadisələri baş verməzdi”.
Vətənin və xalqın ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycana qayıtdı. Ölkənin siyasi rəhbərliyi onun xalq arasında nüfuzundan qorxur, Bakıya yolunu hər vəchlə kəsməyə çalışırdı. Bu səbəbdən doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.
Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız ilk dəfə məhz Naxçıvanda ucaldıldı, Yeni Azərbaycan Partiyasının təməli burada qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş cəsarətli, gələcəyə hesablanmış qərarlar Azərbaycanın sonrakı taleyində həlledici rol oynadı.
Bu böyük siyasətçinin şəxsi nüfuzu sonradan müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirdi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.
Ulu Öndərimizin daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsidir. O, həyatının son günlərində xalqa müraciətində yazırdı: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq.
O vaxtdan ötən 19 ilin möhtəşəm uğur salnaməsi Ulu Öndərin öz inamında yanılmadığının əyani təsdiqidir. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə güclü dəstək verir və onun arxasınca inamla gedir. Xalq-iqtidar birliyi Azərbaycanı yeni zəfərlərə doğru aparır. Bunun ən bariz nümunəsi Qarabağ Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsidir.

Rauf Məhərrəmov
DİN, Saatlı DYP-nin rəisi