Gündəm, Cəmiyyət, Ölkə
29 aprel 2023
377
Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur
2023-cü il Azərbaycanda mühüm siyasi-ictimai hadisələr, tariximizdə öz yeri olan bayramlar, ildönümü və yubileylərlə əlamətdardır. Belə ki, qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci, Milli Qurtuluş Gününün 30-cu, möhtərəm İlham Əliyevin respublikamıza ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü gəlir.
Bu il həm də xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilir. Bunu nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan edilməsi ulu öndərin əziz xatirəsinə xalqımızın ehtiramının ifadəsidir.
Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın bütöv bir inkişaf epoxasının müəllifidir. 1969-cu ilin iyul ayından başlanan bu şərəfli epoxa özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər dövrü Azərbaycanın iqtisadi baxımdan geridə olduğu bir vaxtda respublikamıza rəhbərliyə başlayan ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda gələcək müstəqilliyimizin iqtisadi bazasını təşkil edəcək tərəqqi yolunun əsasını qoymuşdur.
Eyni missiyanı Heydər Əliyev müstəqilliyimizin ilk illərində də layiqincə yerinə yetirmişdir. Lakin bu dəfə ulu öndər həm də müstəqilliyimizi qorudu, dövlətçiliyimizi parçalanmaqdan xilas etdi. Bu gün müstəqil respublikamızda bütün sahələrdə əldə olunan inkişafın təməli də Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə başladıqdan sonra qoyulmuşdur. Ulu öndər həm də Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir.
Ümumiyyətlə, XX əsrin ikinci yarısında Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində ulu öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli inkişafı üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970-1980-ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi, təkcə uşaq poliklinikalarının sayının 1970-1975-ci illərdə 150-dən 185-ə çatdırılması respublikamızda səhiyyənin inkişafı barədə aydın təəssürat yaradır. Ulu öndər Heydər Əliyev bu dövrkü fəaliyyəti barədə demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt sovetlər ittifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".
Tarixdən də bəlli olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış dərin böhran səhiyyədən də yan ötməmişdi. Həmin dövrə qədər böyük nailiyyətləri olan tibb sahəsi ölkədəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyərlər sistemi demək olar ki, tamamilə dağılmışdı.
Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata keçirilən sosial islahatlar səhiyyəni də əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş və tibbi xidmətin müasir standartlar müstəvisinə keçirilməsi üçün əlverişli şərait yaranmışdır. Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlığının qorunmasını və bu çərçivədə tibbi xidmətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə bərbad vəziyyətə düşmüş səhiyyə sisteminin məhz bundan sonra sahmana salınmasına başlanılmışdır. Həmin dövrdən yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürmüş, mövcud tibb müəssisələrinin yenidənqurulmasına başlanılmış, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş və tibb müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilmişdir.
Bunlar əhalinin sağlamlığının qorunması istiqamətində ulu öndərimizin xalqımıza əvəzsiz töhfələri idi. Bunun da nəticəsində respublikamızda əhaliyə göstərilən tibbi xidmətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, sağlamlıq və səhiyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, hər hansı təhlükəli epidemiya və ya xəstəliklərin statistikasında artım baş verməmiş, həssas tibbi məsələlərlə bağlı vəziyyət qənaətbəxş olmuşdur.
Ulu öndər Heydər Əliyev tərəfindən səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyasının yaradılması da bu sahədəki addımların səmərəliliyinə xidmət etmişdir. Bu islahatlar həm də Azərbaycanın sosial dövlətə çevrilməsi yolunda ilk mütərəqqi addımlar idi.
Təbii ki, islahatların uğur qazanmasında, ümumiyyətlə isə hər bir sahənin inkişafında təkmil qanunvericilik bazasının olması əsas şərtlərdən biridir. Bu baxımdan, Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında", "Xüsusi tibbi fəaliyyət haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Sanitar-epidemioloji sağlamlıq haqqında" kimi qanunlar mükəmməl səhiyyə qanunvericiliyini formalaşdırmaqla yanaşı, bu sahədə uğurları da təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışı mərasimində etdiyi çıxışda həm səhiyyə islahatları, həm də həkim peşəsi barədə dəyərli fikirləri hər zaman aktuallığını saxlayacaq: "Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik. Bu islahatların həyata keçirilməsi bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xidmətin keyfiyyətini daha da artıracaqdır. Mən bu islahatlara inanıram və ümidvaram ki, siz, səhiyyə işçiləri, hamınız birlikdə səhiyyə sahəsində islahatların aparılmasında fəal iştirak edəcəksiniz. Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir", - deyə ulu öndər nitqində bildirmişdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit olunmuşdur. Eyni zamanda, Ana Qanunumuzda təsbit edilir ki, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Məmnunluq hissi ilə qeyd etməliyik ki, Heydər Əliyevin sosial siyasəti ötən 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Bu siyasətin ən böyük uğurlarından biri səhiyyəmizin keçdiyi sürətli inkişaf yoludur. Bu dövrdəki uğurlar o qədər əhatəlidir ki, onları bir məqalədə ətraflı ifadə etmək mümkün deyil.
2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi səhiyyənin inkişafı ilə bağlı işlərin nə qədər möhtəşəm olduğunu göstərir. Bu müəssisələrin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı isə gözəl ənənəyə çevrilmişdir. Ona görə, qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Hazırda elə bir şəhərimiz yoxdur ki, orada müasir tibb müəssisəsi olmasın. Bu səhiyyə ocaqlarında vətəndaşlarımıza ən müasir standartlar səviyyəsində tibbi xidmətlər göstərilir. Bu dövrdə kadr hazırlığında da baş verən keyfiyyət dəyişiklikləri, tibbi personalın peşəkarlığının yüksəlməsi səhiyyəmizin uğurlarından sayılmalıdır. 2020-ci ilin mart ayında "Yeni klinika"nın açılışında Prezident İlham Əliyev bu barədə demişdir: "Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir".
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı daha da artmışdır. Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir.
Əsas uğurlarımızdan biri də artıq iki ildir ki, icbari tibbi sığortanın tam tətbiqidir. Əhalinin sağlamlığının qorunmasına xidmət edən icbari tibbi sığorta sisteminin yaradılması bir daha təsdiq edir ki, dövlətin sosial siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır.
Səhiyyədə əldə edilən uğurlarda, bu sahədə dövlət proqramlarının reallaşdırılmasında, tibb ocaqlarının yenidən qurulmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Öz layihələri ilə ulu öndərin ideyalarının reallaşmasına töhfələr verən Fond Prezident İlham Əliyevin səhiyyə sahəsindəki islahatların praktik nəticələr verməsi naminə əzmlə çalışır və vətəndaşların sağlamlığının yüksək səviyyədə təminatı üçün zəruri tədbirlər həyata keçirir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kim layihələr respublikamızda vətəndaşların sağlamlığının qorunmasına böyük töhfələr vermiş, ana və uşaqların sağlamlığına xidmət etmişdir.
Azərbaycan səhiyyəsi 2019-cu ilin sonundan etibarən bütün dünyada yayılmağa başlayan koronavirusun sınağından da layiqincə çıxmağı bacardı. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə yürütdüyü siyasətin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın problemə həssas münasibətinin nəticəsi olaraq vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının ölkəmizdə ağır fəsadlar törətməsinin qarşısını aldı. Təbii ki, bu gözəgörünməz xəstəliklə mübarizədə Azərbaycanda ötən dövrdə tibbi infrastrukturun modernləşdirilməsi, yeni səhiyyə müəssisələrinin yaradılması, xəstəxana və digər səhiyyə ocaqlarında müasir tibbi avadanlıqların mövcud olması böyük rol oynadı. Məhz bütün bunların sayəsində Azərbaycan COVID-19-la mübarizədən ən minimal itkilərlə çıxan dövlətlər cərgəsində yer aldı. Koronavirusla mübarizədə əldə olunan uğurlar Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolunun mühüm göstəricilərindən biri kimi tarixə düşdü.
Bu gün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır. Bu inkişaf isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təqdir olunur, Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Bu sahədə görülən işlər və uğurlar həm də ondan xəbər verir ki, Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət və bütövlükdə ulu öndərin ideyaları layiqincə davam etdirilir.
Anar Yusifov
Ümumi cərrah
Daha çox xəbər:
Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağl ...
Gündəm, Cəmiyyət, ÖlkəŞəfqət və xeyirxahlıq mücəssəməsi
Gündəm, Ölkə, BölgəUlu öndər Heydər Əliyev və Azərbaycan Təhsili
Gündəm, Cəmiyyət, ÖlkəUlu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə özünəməxsus töhfələr vermi ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəAvrasiya Hospitalın mütəxəssis həkimi LOR,cərrah Dr.Arif Məmmədov: Müasir A ...
Gündəm