Gündəm, Ölkə, Bölgə
09 fevral 2023
671

Şəfqət və xeyirxahlıq mücəssəməsi

Şəfqət və xeyirxahlıq mücəssəməsiAzərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi dövlətin daim diqqət mərkəzində saxlanılır. Səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Son 19 ildə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğısı nəticəsində səhiyyə sistemində uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı daima gücləndirilib, ümumilikdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib desək, yanılmarıq. Elə bu illər ərzində 600-dən çox tibb müəssisəsinin tikilib və əsaslı təmir edilməsi bunu təsdiqləyir. Bu gün respublikanın əksər şəhər və rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar fəaliyyət göstərir.
Bununla yanaşı, cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon ölkə vətəndaşı bu xidmətdən istifadə edir.
Ümumiyyətlə, ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Son illərdə səhiyyə sistemi ilə bağlı 16 dövlət proqramının qəbul edilməsi dövlətin bu sahəyə nə qədər böyük önəm verdiyini təsdiqləyən faktdır.
İkinci elə bir MDB ölkəsi yoxdur ki, dövlət tərəfindən səhiyyə sahəsi ilə bağlı bu qədər sənəd qəbul edilsin. Bütün bunlar əhalinin sağlamlığının qorunması, dövlətin vətəndaşının qayğısına qalmasının real təzahürüdür.
Lakin ölkə vətəndaşlarına göstərilən qayğı bununla bitmir. Xəstələrə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun rəhbəri, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.
Ümumiyyətlə, səhiyyə sahəsi 19 il öncə, 2004-cü ilin may ayının 10-da yaradılan Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindən biridir. Əsas məqsədi ulu öndər Heydər Əliyevin Vətən, xalq üçün göstərdiyi xidmətlərini, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq olan fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu, ilk növbədə, qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardır. Fond 19 il ərzində bu istiqamətdə bir neçə böyük layihə həyata keçirib və xeyirxah missiya bu gün də davam etməkdədir.
Bu bir həqiqətdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 19 ildə fondun həyata keçirdiyi layihələrin mahiyyəti onilliklərdə görüləcək işlərə bərabərdir. Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışan fondun fəaliyyətinin əsas istiqamətləri sırasında səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil.
Yarandığı gündən müxtəlif xəstəliklərdən əziyyət çəkən gənclərin, uşaqların qayğısına qalan fond minlərlə insana şəfa bəxş edib. Bunları təsdiqləyən kifayət qədər faktlar var. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə qayğı fondun fəaliyyətində mühüm yer tutur. Çünki bu gün dünyada ürək-damar və onkoloji xəstəliklərdən sonra insanlar daha çox şəkərli diabetdən əziyyət çəkirlər. Yəni bu, dünyada ən geniş yayılmış üçüncü xəstəlik hesab olunur.
Heydər Əliyev Fondu bu xəstəlikdən əziyyət çəkən insanların zəruri preparatla təmin olunması, xüsusən də şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün müxtəlif layihələr həyata keçirir. Bütün bunlar şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır. Bu nəcib layihələrin reallaşmasında əsas məqsəd ictimaiyyətin, milli və xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunması məsələlərinə yönəltməkdir.
Xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların müalicəsində rolu olan aparatların Azərbaycana gətirilməsi də məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutub. Bu gün xəstəxanalarda hemodializ mərkəzlərində xəstələr pulsuz olaraq müalicə alırlar. Bir sözlə, fond tərəfindən hemodializ aparatlarının xəstəxanalara verilməsi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin vəziyyətini yüngülləşdirir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də "Talassemiyasız həyat”dır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Problemin ciddiliyini nəzərə alan fond Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq bu mərkəzə baş çəkmələri, xəstələrin durumu ilə maraqlanmaları deyilənləri bir daha təsdiqləyir.
Bununla yanaşı, fondun təşəbbüsü ilə anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə, müalicə və əməliyyatı ilə bağlı davamlı olaraq aksiyalar keçirilir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan fond Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması istiqamətində böyük işlər görür. Mehriban xanım Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Fəaliyyətində humanist dəyərlər birinci yerdə dayanan fondun təşəbbüsləri və həyata keçirdiyi layihələrin bir çoxu valideyn himayəsindən məhrum olmuş uşaqların firavanlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu gün ölkəmizdə kimsəsiz uşaq deyəndə hər kəsin gözü önünə oların himayədarı kimi Mehriban xanım Əliyeva gəlir. Uşaqlarin iş və mənzillərlə təmin olunması üçün fond bir çox layihələr həyata keçirir.
Heydər Əliyev Fondu Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda fond tərəfindən həyata keçirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilir.
Bütün bunların mərkəzində əlbəttə ki, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Məhz ona görə də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva xoşməramlı missiyası, uğurlu fəaliyyəti ilə xeyirxahlıq mücəssəməsi kimi tanınır.


Qəhrəmanova Ceyran Vaqif qızı
Füzuli Müalicə Diaqnostika Mərkəzində Baş həkimi


Şəfqət və xeyirxahlıq mücəssəməsi