Gündəm, Ölkə
09 may 2023
233
“HEYDƏR ƏLİYEV 100”
Heydər Əliyevin sahibkarlığın inkişafı üçün həyata keçirdiyi iqtisadi strategiya bu gün uğurla davam etdirilir
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Ulu Öndər Heydər Əliyev
Müstəqilliyimizin ilk illərində, kənar qüvvələrin və təcavüzkar güclərin bütün həmlələrinə baxmayaraq gənc dövlətçiliyimiz ayaq üstə duruş gətirə bildi. Çörəklə sinağa çəkilən millətimiz bütün ehtiyacların fonunda ən müqəddəs dəyərini - azadlığını qoruyub saxladı. Amma qara qüvvələr bəd niyyətlərini həyata keçirməkdə israrlı idilər və 1993-cü ildə ölkənin vətəndaş müharibəsi həddinə gətirilməsi məhz bu məkrdən qaynaqlanırdı. Həmin dövrdə xalqın istək və tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanı ziddiyətlər burulğanından xilas etdi. Dünyada gedən siyasi proseslərə peşəkar təsir imkanları olan Heydər Əliyev Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən həyat tərzi başlandı. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən əsrin müqaviləsinin imzalanması həm də ölkə daxilində yeni-yeni istehsal sahələrinin artmasına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdı.
Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir.
Onun rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.
Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etmişdir.
Sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.
Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.
1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəliv ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin bilavasitə tağşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Buna görə də bu problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. Ilk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalanmışdır. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın imzalanmasından bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirilmişdir.
Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olmuşdur. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur.
Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Bu tədbirlər öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar onun layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur.
Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız 2010-cu və növbəti illərdə daha da güclənəcək.
Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız bu işdə səy və biliklərini əsirgəməyəcək, ölkəmizin çiçəklənməsi naminə daha böyük əzmkarlıq göstərəcəklər.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplər ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olmuşdur. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji və milli maraqlarına uyğunluğu və bu maraqlara xidmət etməsi və s. sahələr təşkil etmişdir.
Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2023-cu ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsini hər birimiz xoş ovqat və böyük sevinc hissi ilə qarsilayiriq. Azərbaycan vətəndaşı olaraq hər birimiz Heydər Əliyevi ağır sınaqlardan müdrikliklə, ağlın, idrakın yenilməz gücü ilə çıxarmış, işığa, nura qovusdurmus ulu öndərimizi minnətdarlıqla yad edirik. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahurudur, milli dövlətçiliyə ehtiramın ifadəsidir. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, xalqimizin fəxri və qüruru olan Heydər Əliyev də var olacaq və əziz xatirəsi hər birimizin qəlbində əbədi yasayacaq. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.
“HEYDƏR ƏLİYEV 100”
Tural Şakiroğlu
"Şakir MTK"-nın rəhbəri
Daha çox xəbər:
Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağl ...
Gündəm, Cəmiyyət, ÖlkəAzərbaycanda iqtisadi islahatlara mühüm əhəmiyyət verilir
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəHeydər Əliyev Azərbaycanın iqtisadiyyatında və taxılçılığında mühüm rolu
Gündəm, Cəmiyyət, Ölkə, BölgəHeydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli
Gündəm, Siyasət, Ölkə, BölgəRabitə və informasiya texnologiyaları sektoru dinamik inkişaf yolunda
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə