Ölkə
18 may 2021
827

Nizami Gəncəvi yaradıcılığında qadın, ana dəyərləri

Nizami Gəncəvi yaradıcılığında qadın, ana dəyərləri


Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
O, dahi mütəfəkkir, söz və fikir aləminin nəhəng karifeylərindən biri olmaqla yanaşı sosial ədaləti, azadlığı, hüquq bərabərliyini hələ XII yüzillikdə təbliğ etməklə insanlığın xoşbəxt gələcəyini arzu edən dahi şəxsiyyət kimi də anılır. Bəşəriyyətin taleyi üçün hər kəsin öz səviyyəsində, imkan və bacarığı daxilində məsuliyyət daşıdığını dönə-dönə müasirlərinə çatdıran böyük mütəfəkkir, bütün həyatı boyu ümumbəşəri ideallarla yaşamış, bunun uğrunda mübarizə aparmış, öz zəngin yaradıcılığını insanlığın taleyüklü problemlərinin həllinə həsr etmişdir.
Bütün dünyanın '’Gəncəli dahi’’ kimi tanıdığı Nizaminin yaradacılığı öz dövrü və bütün dövrlər üçün qlobal hadisə idi. Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda, Qərb ədəbi-mədəni dəyərli öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki, məhz Nizaminin yüksək humanist fikirlərində ayıq təfəkkürlə hadisələrə, insana, cəmiyyət həyatın məna və mahiyyətinə rasional məntiqi yanaşma tərzinə şahid oluruq.
Nizami sənətinin ölməzliyini təmin edən bir sıra elementlər var, bu elementlərdən biri də budur ki, mütəfəkkir, öz yaradıcılığında dövrünün və gələcək dövrlərin humanist və demokratik istiqamətli fikirlərini, habelə sosial ədalət ideyalarını parlaq şəkildə təbliğ edib. Belə ki, insan haqqlarının təbliği və onların müdafiəsi, şəxsiyyətin azadlığı, şəxsiyyətin iradə müstəqilliyi mütəfəkkirin sosial-siyasi görüşlərində və sosial ədalət hissəsində öz parlaq təcəssümünü tapmışdır.
Dahi şairin əsərlərində qadın haqlarının təbliği isə xüsusi yer tutur. Böyük filosofun yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edir.
Məlumdur ki, yarandığı ilk gündən bəşəriyyətin mövcudluğunu təmin edən əsas amil qadınlardır. Sevgi, ədəb, dil və mədəniyyəti ilk dəfə qadınlardan öyrənən insanlıq, onlara sosial həyatda layiq olduğu yeri vermədi.
Qadın haqları hər cəmiyyətdə insanların öz inanclarına, ənənələrinə, mədəniyyətinə və həyat tərzinə uyğun olaraq fərqli şəkildə formalaşmışdır. Qadınlar cəmiyyətin bərabərhüquqlu üzvü kimi qəbul edilməyib və onlara qarşı hər cür ayrı-seçkilik və şiddət tətbiq edilib. Fərdi, ailə və ictimai həyatda bir çox zərərli nəticələrə səbəb olan bu ayrı-seçkilik və şiddət, cəmiyyətdə qadınları fərqləndirdi, onları cəmiyyətdən çox kənarlaşdırdı.
Məlumdur ki, Şərq və Qərb təfəkküründə qadına münasibət erkən inkişaf mərhələsində tamamilə fərqli olub.
Belə ki, Şərq uzun əsrlər boyu qadının “örtülü” şəkildə görmək istəmiş və qadını əsasən nəsil artıran varlıq kimi qəbul etmişdirsə, Qərb bu incə məxluqu “daha çox diqqət mərkəzində” saxlamağa üstünlük vermiş və əsasən onu eyş-işrət obyekti kimi təsəvvür edirdi. Göründüyü kimi hər iki halda, mütləq qadın azadlığı arxa planda qalıb. Elmi və bədii əsərlərin əksəriyyətində müəlliflər qadını kişiyə tabeçiliyini hər vəchlə əsaslandırmağa çalışıblar. Elə buna görə də cəmiyyətdə qadın sosial həyatın əksər sahəsində mütəmadi olaraq diskriminasiyaya məruz qalıb. Xüsusən də, Şərq reallığında qadınların davranış və rəftarlarına uzun illər boyu məhdudiyyətlər qoyulub, cahillik və nadanlığa geniş meydan verilib. islam, habelə xristian və yəhudi dinlərindən irəli gələn müəyyən təlimlərə istinad edən şəxslər qadınların həyat tərzinə, dünyagörüşünə təsir göstərmək imkanları əldə edib. Bu səbəbdən də, bizim ölkəmizdə dini fikirlərin təbliği məqamlarında müxtəlif interpretasiya və fərqli şərq motivlərinin mövcudluğu diqqəti çəkir. Məlumdur ki, Azərbaycan Qərb və Şərq sivilizasiyasının kəsişdiyi nöqtədə yerləşir. Lakin, ölkə əhalisinin əksər hissəsini müsəlmanların təşkil edən bir məkanda təbii ki, islami dəyərlər daha çox üstünlük təşkil edir. Bir çox tədqiqatçılar, xüsusən Qərb araşdırmaçıları Şərq ədəbiyyatında qadının “ikinci dərəcəli” personaj kimi təqdim olunduğunu iddia edirlər. Bu kökündən səhv olan iddiadır. Həmin qeyri-obyektiv düşüncələrin ən başlıca təkzibedici arqumenti kimi böyük şair Nizami Gəncəvinin “Xəmsə”sini nəzərdən keçirmək kifayətdir. Kişi və qadın münasibətləri Nizaminin əsərlərində humanist ideyalar işığında təqdim edilib. Onun qəhramanları gender ayrı-seçkiliyinə qarşı çıxan, daim özünü təkmilləşdirməyə cəhd edən, nəcib ideyalar uğrunda vuruşan insanlardı.
Nizami daim qadın azadlığını təbliğ etmiş, vəsf etmiş, onun qadını qəhrəmanları seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta, bəzi məqamlarda öz ər və qardaşlarından daha tədbirli və uzaqgörən insanlardır. Nizami, qadın azadlığı haqqındakı fikirlərini türk köçəri tayfalarında olan qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır. Həmin hekayətlərdə deyilir:
“Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. Buradakı qadınların üzü açıq gəzdiyini görən İsgəndər Qıpçaq bəylərinə qadınlarının örtülü gəzməsini tövsiyə edir: ’’Qadin daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” . Əks təqdirdə qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilər!”, - deyə xəbərdarlıq edir.
Nizaminin turklərin sərhədləri daxilində təsvir etdiyi məkanlarda qadınların həyat tərzi, yaşayış qaydaları öz demokratikliyi ilə fərqlənir. Qadınların sərbəst davranışı, cəmiyyətdə mühüm mövqeyi, nüfuz və hörmətlərı nəzər diqqəti cəlb edir. Elə qıpcaq çöllərində İsgəndərin türk qadınlarının sərbəstliyini görməsi də demokratik düşüncəli türk cəmiyyətində qadının yerini daha dəqiqliklə göstərir. Əslində qıpçaq ağsaqqallarının İsgəndərə verdiyi müdrik cavab da türk əxlaqının təntənəsi olaraq səslənir:
Üz örtmək ayini qoy olsun sənin,
Bizə də göz örtmək olmuşdur ayin.
... Örtü salmaqdansa xalqin üzünə.
Özün bir örtü çək baxan gözünə.

Qeyd etdiyimiz kimi dahi şair öz əsərlərində bu gün də aktual olan qadın hüquqlarını təbliğ etmiş və demək olar ki, Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən şəxs olmamışdır. Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş “Xəmsə”sini bütün poemalarında qadın hüquqları öz əksini tapmışdır. Maraqlıdır ki, çox şair və yazıçıların həyat tərzi ilə yazdıqları üst-üstə düşmür, tamamilə ziddiyyət təşkil edir. Nizami Gəncəvi isə əksinə, bu sahədə ən qabaqcıl yerlərdən birini tutur. Belə ki, Nizaminin əsərlərində öyünə- öyünə bəhs etdiyi anası Rəisə xanım, eləcə də Dərbənd hökmdarının ona göndərdiyi Afaq xanımı ömür-gün yoldaşı kimi qəbul edərək göstərdiyi münasibət də, ona Məhəmməd adlı oğul bəxş edən həmin qadın haqqında nümayiş etdirdiyi böyük ehtiram və məhəbbət də şairin qadına olan yüksək münasibətinin səbəblərini, böyük sairin yaradıcılığında yer alan qadın obrazlarının genezisini öz aydınlığı ilə ehtiva edir. Nizami onu dünyaya gətirən anası Rəisə ilə fəxr etdiyi kimi, ona yeni dünya bəxş edən həyat yoldaşı Afaqdan da məhəbbət dolu öygü və təriflər deyir, onun vəfatına dərindən kədərlənir.
“Sirlər xəzinəsi” poemasında ağbirçək qadının bütün elin, xalqın sözünü öz üsyankar səsi və cəsarətilə taxt sahibinin üzünə çırpması, cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və qarı” mənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir.
Nizami Gəncəvinin dul və yaşlı olan qadının Sultan Səncərin əzazil və zalım məmurlarının özbaşnalıq və qəddar davranışlarından bezərək üsyana qalxması əslində bir xalqın hünər və cəsurluğunun ifadəsi, ölkəyə və qadına düzgün münasibətni bərqərar olduğu cəmiyyəti qurmağa çağırışı idi.
Nizami Gəncəvinin ikinci poeması “Xosrov və Şirin” də qadınların azadlıq hüququ, onların öz haqqını tələb etməsi , ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvəsi olması, bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz bir şəkildə göstərilmişdir. Nizami Gəncəvi bəşəriyyətin bütün təbəqələrini, o cümlədən qadını daim azad hüquqlu görmək istəmişdir.
Əsərin sonunda eş-işrətlə məşlub olub, Şirinə qədər Məryəm və Şəkərlə evlənən Xosrov ölüm ayağında belə Şirini oyadıb ona bir içim su ver deməyə qıymır. Demək ki, qadın öz sevgi və dürüstlüyü ilə Xosrov kimi bir insanı tərbiyələndirə bilmişdir. Bu, hər şeydən əvvəl şairin özünün arzusu kimi səciyyələndirməlidir.
Nizami Gəncəvinin “ Leyli və Məcnun” poemasındakı Leyli sürəti Şərq qadının hüquq, istək və arzularının tapdanmasının və bu haqsızlıq fonunda o müqəddəs varlığın fədakarlığını, analıq qayğısnı, məişətdəki rolunu əks etdirir. Şair eyni zamanda qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da deyə bilərik ki, Nizami Gəncəvi cəmiyyətdə qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə alıb.
Şair dördüncü əsəri “Yeddi gözəl”də bir yerdə dayanmayaraq dünya arenasına çıxıb qadın problemini planetimiz çərçivəsində həll etməyə çalışmışdır. Onun əsərdərki çin, rus, fars, türk, hind, ərəb və s. qadın nümayəndələri öz milli adət-ənənələri ilə, analıq qayğısı ilə yaşayırlar.
Şairin beşinci əsəri “İsgəndərnamə”dəki Nüşabə sürəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi Nüşabənin dilindən dünya fatehi Isgəndərə hökmdarlıq, insanlıq dərsi keçir:
Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.

Bəli, qüdrətli söz və fikir ustadının daim qadınları əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradacılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət kəsb edir.
Nizami əsərlərini varaqladıqca, onun yaratdığı möhtəşəm qadın obrazlarının müasirliyinə heyran qalirsan. Qadını sevgi və ehtiramın ən uca zirvəsinə qaldıran Nizami qadin surətində bir analıq əzəməti, qadın mərhəməti, inasanlıq sevgisi əks etdirdi, ona bütün qadın ülviyyəti və zərafəti ilə uca bir taxt qurdu. Bu gün bir çox qadınlarımızın xəyalında canlanan “Nizaminin azad və xoşbəxt qadını” öz həqiqi libasını geyinib reallaşmışdır
Lakin, bəzi hallarda çox təəssüflə qeyd etmək istərdim ki, Nizami kimi bir dahinin əsərləri ilə böyüyən bir cəmiyyətdə bəzi “kişilərimiz” və hətta “qadinlar”ımız bu gün qızlarımızı zorakılığa məruz qoyur və son zamanlarda baş vermiş məişət zorakılığı cəmiyyətdə müxtəlif istiqamətlərdə müzakirələrə səbəb olur. Baş verən hadisələr nəticəsində qətlə yetirilən və özünü öldürmə həddinə çatan qadınlarımızın sayı son dönəmdə artmaqdadır.
Artıq bu gün, Nizaminin Şirinlərinin, Nüşabələrinin, Firnələrinin bir çox məqamlarda dözümlü, qətiyyətli, cəsur və təmkinli davranmadıqlarının şahidi oluruq... Bu gün 25 yaşlı üç uşaq anası olan qadın, 22 yaşlı tələbə qızımız, 30 yaşlı gənc ana... 57 yaşlı ahıl anamız ailə zorakılığından qurtarmağın yolunu əfsuslar olsun ki, intiharda gördü... Və bu gün çox təəssüf olsun ki, 10 yaşında Nərminimiz, 14 yaşlı Elinamız da daxil bir çox azyaşlı qızlarımız da belə zorakılıqların qurbanı olub... Bəzən bu kimi hallardan təsirlənərək, qadına qarşı cinayət törədən “bu kişilərin” dünyaya gətirən, böyüdüb, tərbiyə edəni də bir qadın, ana olduğunu təəssüflə qeyd edirik.
Ancaq bir şeyi unutmaq olmaz ki, bu gün vətənimiz uğrunda döyüşən, canından keçən, 1992-ci ildə Xocalıda düşmənlərimiz tərəfindən fiziki, psixoloji, cinsi zorakılığa məruz qalan qadınlarımızın, qızlarımızın qisasını layiqincə alan, torpaqlarına illərlə həsrət qalan analarımıza sonsuz sevinc bəxş edən, qadınlarımızı ön cəbhədə, qanlı döyüşlərdə sevindirən igid, qəhrəman oğulları da dünyaya gətirən , tərbiyə edən analardır, qadınlardır. Hətta onlarla səngərdə çiyin-çiyinə şücaət göstərən tibb bacısı Arəstə kimi, jurnalist Salatın kimi şəhid bacılardır... Misilsiz qəhrəmanlıq göstərib dastana dönən, cənnət qoxulu, nur çöhrəli şəhidlərimizi bu dünyaya bəxş edən azərbaycan qadını, azərbaycan anasıdır. Bu qadınların qarşısında bu gün hamılıqla baş əyirik.
Dahi Nizami Azərbaycan anasını, Türk qadınını, bu cür ismətli, sadiq, qətiyyətli, mərd və mübariz görmək arzusunda olub və o arzu bu gün reallaşıb.


ADPU nəzdində ADPK- nın
müəllimi Əzizova Şəfəq Faiq qızı.