Cəmiyyət
23 oktyabr 2020
261
Azərbaycanın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir - AÇIQLAMA
Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.
Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir.
Bildirilib ki, bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:
“Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir”.
Nazir müavini qeyd edib ki, füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.
Eyni zamanda V.Kərimov onu da bildirib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib:
“İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək”.
Daha çox xəbər:
Sərsəng su anbarının azad olunması bölgəyə nə vəd edir?
Cəmiyyətİşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləc ...
KriminalNazirlikdən işğaldan azad olunmuş “Suqovuşan”ın əhəmiyyəti ilə bağlı AÇIQLA ...
CəmiyyətRəsmi Bakıdan Ermənistanın Şuşada kilsənin vurulması yalanına SƏRT REAKSİYA
CəmiyyətBƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiya ...
Ölkə