Gündəm, Cəmiyyət, Ölkə
23 fevral 2023
447
Xocalı faciəsi, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi
Erməni vəhşiliyinin iç üzü budur! Türk qanına susayan erməni-daşnaklarının törətdikləri soyqırım, bu dəhşətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarşısında baş verib.
Fevralın 26-sı gününü mən də yaxşı xatırlayıram. Soyuq, sazaqlı bir qış günü idi. Şelli dağında ermənilərin əlindən qaçıb qurtulmuş uşaqları, qadınları və qocaları xəstəxanaya yola saldıq. Yaralarından qan axan bu insanlar bir-birindən - ana baladan, ata oğlundan, qardaş bacıdan ayrı düşmüşdü. Onları ovundurmaq mümkün deyildi. Çox dəhşətli, ürəkparçalayan mənzərə idi. Ağdam özünümüdafiə batalyonları döyüşə-döyüşə Xocalı sakinlərinin cəsədlərini dağlardan, dərələrdən toplayırdı. İnsanlığa sığmayan, yalnız erməniyə xas olan faciə ilə üz-üzə qalmışdıq. Sağ qalmış insanlardan kimi dindirsən belə deyirdi: bizim bu sözlərimizi bütün Azərbaycana çatdırın. Respublikanın rəhbərlərini lənətləyirik. Onlar satın və namərddirlər. Torpaqlarımızı, bizi qumara qoyublar. Ona görə də tələb edirik ki, Heydər Əliyev Azərbaycana gəlsin, bu xalqı qırğından, müsibətdən xilas etsin. Nicatımız yalnız ondadır!
Həmin gün gecədən xeyli keçmiş Xocalıda vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxundu. Belə məlumat verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı öldürülüb. Bax, bu zaman Xocalı soyqırımını dünyaya çatdırmağa çox ciddi maneçilik törətdi. Əhali arasında çaşqınlıq yarandı. Bəlkə də bütün bunlar qəsdən edilirdi. Çünki qarşıda hələ Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı dayanmışdı!
Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: "... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir".
Xocalı soyqırımının 31-ci ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsən, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Ötən əsrin 92-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər - insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. Bəs, bu vəhşilik, bu soyqırım bir andamı baş verdi? Bunun qarşısını almaq mümkün idimi? Heç olmasa, insanları xilas etmək olmazdımı? Bu sualların sırasını sonsuzluğadək uzatmaq olar. Amma nə faydası? Onsuz da onlara doğru-dürüst cavab verən tapılmayacaq. Çünki o vaxt baş verənlərin kökləri və səbəbləri, eləcə də səbəbkarları elə dərin . basdırılıb ki, ordan gələn səslər eşidilməz olub.
Əslində isə Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdi. Bu planın müəllifləri Moskvada oturub, gözəgörünməz barmaqlarını Qarabağda işə salmışdılar. Kimisi Azərbaycan kimi "yağlı bir tikəni" əldən verməməyə çalışır, kimisi yüz illər boyunca çalışdığı arzusuna çataraq, torpaq iddiasını həyata keçirmək istəyir, kimisi də bu fani dünyada müvəqqəti olan vəzifə kürsüsünə özünü pərçim etmək üçün yüz hoqqadan çıxırdı. Bütün bu oyunların qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə yetirilir, əsir-girov götürülür, yurd yerindən qovulurdu. Bir millətin, bir obanın, bir elin taleyinin həll olunduğu günlərdə hələ də yuxarıdan ssenariləşdirilmiş və səhnəyə qoyulmuş tamaşa davam edirdi...
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Qasımov Ramin Əjdər oğlu
Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
Daha çox xəbər:
Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyə
Gündəm, Cəmiyyət, ÖlkəXocalı Soyqırımını unutmayaq! Tarixini unudanı, Bəşəriyyət unudur!
Gündəm, Siyasət, ÖlkəXalqımızın qan yaddaşı - Xocalı
Gündəm, Cəmiyyət, Ölkə, Bölgə“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO
DünyaXocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” ...
Kriminal