Gündəm, Cəmiyyət, Sosial
29 mart 2021
2181

Təhsilin inkişaf strategiyası

Təhsilin inkişaf strategiyası
Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas etmiş, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.
Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmış, hesabata əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer almışdır.
Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 6 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2019-2020-ci illərdə belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcəkdir.
Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi yüksək səviyyəyə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir. Təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilmiş, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanmışdır.
Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilmiş, son 6 ildə onların sayı 3 dəfədən çox artmışdır.
Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır.
"Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.
İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmışdır.
Dövlət başçısının təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.
İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.


Eldar Yunusov
Bakı Şəhər İcra Hakimiyyətinin
Məktəbəqədər Təhsil Müəssisələri və
Uşaq Evləri İdarəsinin rəhbəri
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli