Cəmiyyət
08 oktyabr 2020
1049
AQTA-dan hərbi vəziyyətlə bağlı sahibkarlara ÇAĞIRIŞ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırıb.
AQTA-dan "Ölkə.Az"a verilən məlumata görə, ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda, xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir:
“Hazırda cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda sağlamlığını itirən, yaralanan və tibbi yardıma ehtiyacı olan əsgərlərimizin olduğunu nəzərə alaraq, digər mühüm sahələrlə yanaşı, qida sahəsində göstərilən xidmət və fəaliyyətlər zamanı da xüsusi məsuliyyət və cavabdehlik hissi nümayiş etdirilməlidir.
Koronavirusun daha geniş yayılmaması və xəstəliyin qarşısının alınması məqsədilə səfərbər olunmuş qüvvə və vasitələrin bölünməməsi üçün hər bir vətəndaş diqqətli olmalı, bu sahədə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir.
Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar”.
Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən əslində çox sadə və icrası asan olan aşağıdakı qaydalara əməl edilmədiyi müşahidə olunur:
1. işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi;
2. qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması;
3. masalar və oturacaqlar arasında müəyyən olunmuş məsafə ilə bağlı tələblərə əməl olunmaması;
4. ictimai iaşə müəssisələrinin girişində və masaların üzərində dezinfeksiyaedici vasitələrin yerləşdirilməməsi;
5. qida ilə birbaşa təmasın aradan qaldırılması üçün işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi;
Həmçinin, aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan nöqsanlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarları və metodiki göstərişlərində əksini tapan bir sıra digər qayda və tələblərə əməl olunmadığı aşkar görünür.