Gündəm
08 iyun 2021
397
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev: Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyinin rəmzidir...
Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır.Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən ümumən dünyada çox böyük hadisələr baş verdi.
Mən düşünürəm ki, bu hadisələri belə səciyyələndirmək olar ki, dünyada milli azadlıq hərəkatlarının artıq aşkar şəkildə getməsi və imperiyaların dağılması prosesi getdi. O cümlədən, dünyanın ən böyük imperiyası olan sovetlər birliyində də bu istiqamətdə hadisələr cərəyan etdi. Ümumiyyətlə, sovetlər birliyinin dağılması sırf zəruri proses idi. Bunu da şərtləndirən müxtəlif səbəblər vardı. Əvvəla, sovetlər birliyi “xalqlar həbsxanası” adlanırdı. Və bu həbsxana həm siyasi, həm də sözün geniş mənasında polis nəzarətilə ciddi mühafizə olunurdu. Amma əsrin ortalarından başlayaraq tədricən sovetlər birliyinin rəhbərləri də görürdülər ki, bu birlik dağılmaq üzrədir. Baxmayaraq ki, müəyyən inersiyalarla bu birlik yaşadılırdı. Hətta bu birliyin dağılmaması üçün həm xaricdən, həm də daxildən ciddi təzyiqlər vardı. Amma bu təzyiqlər get-gedə öz gücünü itirirdi. Sovetlər birliyinin dağılacağını birliyin rəhbərləri bəlkə də daha yaxşı proqnozlaşdırırdı. Heydər Əliyev də belə bir dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışırdı və görürdü ki, sovetlər birliyi daxilindəki millətlərin düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə öz möhkəmliyini itirirdi. Ona görə də, gənc yaşlarından istedadlı, tarixi yaxşı bilən, tarixi prosesləri düzgün dəyərləndirmə qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox xalqın milli xüsusiyyətlərinə və onların müdafiəsinə verirdi. Biz bəzən Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində də o qədər uğurlu nəticələr əldə etmişdi ki, istər-istəməz Azərbaycanın özü Heydər Əliyevin Azərbaycanına çevrilmişdi. O dövrdə Azərbaycanın tarixi, milli ənənələrinin, dəyərlərinin bərpası ilə bağlı müxtəlif iddialar olmuşdu. Və şübhəsiz ki, bu iddialar cəzalandırılmışdı. Məsələn, Mirzə İbrahimov və onu dəstəkləyən müəyyən adamlar iddia qaldırmışdılar ki, Azərbaycanda dövlət dili sözün həqiqi mənasında Azərbaycan dili elan olunsun, dövlət idarələrində rus dili yox, Azərbaycan dili işlənsin. Amma qeyri-taktiki şəkildə məsələ qaldırılmışdı. Baxmayaraq ki, Mirzə İbrahimov da sovetlər birliyinin orqanizmini yaxşı bilirdi. Amma o bir yazıçı, ziyalı fəaliyyəti səviyyəsindən yuxarı qalxa bilmədi. Ona görə də, bu hərəkətlər cəzalandırıldı.
Amma Ulu öndərimiz bu məsələnin reallaşmasına nail oldu. Ümummilli liderimiz hələ Sovet dövründə milli məsələlərin həllinə, xalqımızın adət-ənənələrinin, milli-mədəni dəyərlərinin bərpasına nail olurdu. Maraqlıdır, O, bu qədər obyektiv çətinliklərə baxmayaraq, bunlara necə nail olurdu?
Heydər Əliyev Azərbaycan dilinin dövlət idarələrində işlənməsi, milli dəyərlərimizin lazımi şəkildə təqdim olunmasını bəlkə də Mirzə İbrahimovdan çox istəyirdi, amma bununla yanaşı, O, çox yaxşı bilirdi ki, qiyamçılıq bu məsələdə özünü doğrultmayan bir addım olacaq. Və beləliklə, O, tədricən, sovetlər birliyinin tərkibində olan Azərbaycanın mövqeyini gücləndirməklə bu prosesləri tədricən və müvəffəqiyyətlə həyata keçirməyə nail oldu. Heydər Əliyevin seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan faktora çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi. Azərbaycanın sovetlər birliyində tanınması, yüksəlməsi, eyni zamanda, Azərbaycan şəxsiyyətinin yüksəlməsi demək idi. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinə, dövlət adamlarına, ictimai xadimlərə xüsusi nüfuz qazandırıldı. Həmçinin, təkcə o dövrdə yaşayanlar deyil, daha əvvəlki tarixlərdə yaşamış şəxsiyyətlərə xüsusi nüfuz qazandırıldı, onlarla böyük milli tarixi şəxsiyyətlərə abidə ucaldıldı. Bu o demək idi ki, sənin əcdadın, sənin dədə-baban bunlardır. Bir var ki, milli düşüncə təkcə ziyalılarda, ictimai xadimlərdə olsun, bir də var ki, milli düşüncə kütləviləşdirilsin. Heydər Əliyev bunu həyata keçirdi. Ona görə də, sovetlər birliyinin tərkibində türk-müsəlman respublikalar içərisində ən öndə gedən, müstəqillik hissiyyatları ən güclü olan respublika Azərbaycan idi.
Onu da qeyd etmək lazımdır ki, artıq 1960-cı illərdən başlayaraq, SSRİ-də milli məsələlərə münasibətdə müəyyən yumşalmalar var idi. Artıq hiss olunurdu ki, müxtəlif xalqlar, respublikalar özünəməxsusluqlarını israrla təlqin edirdilər. Əlbəttə, bu, hələ o demək deyildi ki, respublikalar müstəqillik almışdılar. Amma bununla yanaşı, hər halda bu müstəqillik maraqları özünü göstərirdi. Məsələn, Azərbaycanda Novruz bayramının yenidən qeyd olunmasına çalışılması, Azərbaycan dilinin dövlət idarələrində işlənilməsi haqqında Fərmanın verilməsi kimi irəliləyişlər müşahidə olunurdu.
Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni, Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyukturasının böyük rolu olur.
1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini elan etdi. Amma bu, ölkəmizə çox baha başa gəldi. Bunun səbəbləri nə idi və niyə Azərbaycan digər Sovet respublikaları ilə müqayisədə bu yolu daha çətin keçdi?
Burada bir neçə səbəb göstərmək lazımdır. Birincisi, elə əvvəllər də, xüsusən, XIX əsrin sonu, XX əsrdən başlayaraq regionda Azərbaycana irticaçı maraq həmişə böyük olub. Çünki Azərbaycan xalqı Cənubi Qafqazın aparıcı xalqıdır və proseslərdə həmişə fəallıq göstərib. Azərbaycanın coğrafiyasına həmişə müxtəlif iddialar olub. Bu iddialar da regionda yaşayan müxtəlif xalqlar vasitəsilə irəli sürülüb. Təbii ki, burada da aparıcı işi Moskva görüb ki, regionda Rusiyanı qoruyacaq xristian mühiti yaratsınlar. İkincisi, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi qüvvələr arasında ortaq mövqenin olmaması, nəticə etibarilə prosesləri daha da gərginləşdirmişdi. Eyni zamanda, Heydər Əliyev kimi, Ümummilli liderimiz adını qazanmış böyük şəxsiyyətin də fəaliyyəti məhdudlaşdırılmışdı. Ona görə də, istər-istəməz eyni gücə sahib olan çoxlu sayda qüvvələr toqquşmalı oldu. Xüsusi nüfuzu olan bir qüvvə yox idi ki, siyasətin məqbul bildiyi hər hansı bir formula ilə Azərbaycanda mərkəzləşmə yaratsın. Üçüncü səbəb isə o idi ki, sovetlər birliyinin dağılma ərəfəsində Moskva heç bir respublikanı əlindən buraxmamaq üçün müxtəlif təxribatlara əl atırdı. Moskvanın son müqaviməti Azərbaycanda daha çox tətbiq olundu. Çünki Moskva üçün Azərbaycan daha böyük strateji əhəmiyyətə malik idi. Yəni, sadalanan bu səbəblər Azərbaycanın bu prosesləri daha böyük itkilərlə başa vurmasına səbəb oldu. Bir də ölkəyə rəhbərlik edən siyasətçilərin bir faktor kimi rolunu düzgün qiymətləndirmək lazımdır. Belə bir məqamda, təbiidir ki, Heydər Əliyev Azərbaycanda dərhal hakimiyyətə gələ bilməzdi. Çünki o zamanlar Azərbaycanda gedən proseslər tam dağıdıcı, mərkəzdənqaçma əhval ruhiyyəli idi. Burada əsl lideri etiraf etmək psixoloji cəhətdən müşkülə çevrilmişdi. Və yenicə azadlıq, müstəqillik əldə olunmasından irəli gələn bir eyforiya da var idi. Bu həyəcanda hər kəs nə qopardacaqsa, onun barəsində düşünürdü. Ona görə də, ölkənin təsərrüfatına, idarəçilik sisteminə, təhsilinə, mədəniyyətinə böyük ziyan vuruldu, ölkənin ziyalıları cəmiyyətin ən çox təhqir olunan hissəsi idi. Elm adamları, yazıçılar, incəsənət xadimləri ən pis vəziyyətə düşdülər. Amma dağıdıcılıq da uzun zaman davam edə bilməz. Çünki bu elə bir proses idi ki, nə vaxtsa yekunlaşmalı idi. Dağılan şey də nə vaxtsa qurtarır, tükənir. Artıq bölünməli, dağılmalı nəsə qalmayanda, cəmiyyətin özünə lider axtarışları, onu idarə edə biləcək gücü axtarmaq meyilləri başladı. Hamının diqqəti artıq öz fəaliyyəti ilə xalqın lideri olduğunu, bu gücə sahib olduğunu sübuta yetirmiş Heydər Əliyevə yönəldi.
1993-cu ildən sonra Azərbaycanda hər şey dəyişdi. İstər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı. Amma istərdik sizə daha yaxın olan bir sahədə müşahidə olunmuş dəyişikliklər, qəbul olunmuş böyük qərarlar haqqında danışaq.
Həmin dövrdə müəyyən adamlar Azərbaycan xalqının Ümummilli lideri haqqında çirkin təbliğat aparılırdı. Ona qarşı ən müxtəlif iddialar səsləndirməkdə idilər. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından birinə rəhbərlik edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq. Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Hətta ən inkarçı adam belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Amma heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Amma Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı. Ona görə də, Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, O, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli – mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Heydər Əliyev əvvəlcədən bir azərbaycançı idi. Amma artıq azərbaycançılığın önündə yeni üfüqlər açılmışdı. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində yaransa da, onu həyata keçirmək mümkün olmamışdı. Gözəl ideyalar hər bir xalqın tarixində olub. Böyük siyasi xadi, dövlət adamı ona deyirlər ki, həmin ideyaları həyata keçirsin. İdeya irəli sürmək kiçik bir iş deyil. Amma ən böyük iş ideyanı həyata keçirməkdir. Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. Məsələn, deyək ki, təhsil sahəsində. Sovet dövründə ölkəmizə rəhbərlik etdiyi zaman Heydər Əliyev azərbaycanlı gəncləri ittifaqın müxtəlif universitetlərinə ali təhsil almağa göndərirdi, müstəqillik dövründə isə gənclərimiz dünyanın ən müxtəlif ölkələrinin qabaqcıl təhsil ocaqlarına göndərilməyə başlandı. Bu, müxtəlif cəhətlərdən çox mühüm idi. Əvvəla, azərbaycanlı gənclər xaricdə daha mükəmməl təhsil alaraq, ölkəmizə peşəkar kadrlar kimi qayıdır, müxtəlif vəzifələrdə çalışırdılar. İkincisi, bu gənclər ölkəmizi tanıdır, təbliğatla məşğul olurdular. Ümumiyyətlə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görülüb, islahatlar aparılıb
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycan dövləti üçün əsl uğur oldu. Ulu Öndər Heydər Əliyev qurduğu Azərbaycan dövlətinin yaşaması, uğurla inkişaf etməsi üçün lazım olan bütün addımları atdı və bu yolda müvəffəqiyyət qazandı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına bu dövləti qorumağı, yaşatmağı tapşırıb getdi. 1994-cü ildə sülh müqaviləsi çox ciddi məsələ idi. Bununla bağlı müxtəlif fikirlər söylənildi. 1994-cü ildən başlayaraq bizə qarşı olan dəstəyi də, hücumları da görürdük. O zaman çətin anlarda məhz Ulu Öndər Heydər Əliyev dühası lazım idi. Ümummilli Liderimiz Heydər Əliyev müdrikliklə, cəsarətlə bütün iradəsini ortaya qoyaraq, sentyabr ayında “Əsrin Müqaviləsi”nin imzalanmasını təsdiq etdi və bununla da hər şey həll olundu. Doğrudur, hər birimiz bilirdik ki, bundan sonra müxtəlif çətinliklər ortaya çıxacaq. Amma Ulu Öndər bu müqaviləni imzalayarkən dedi ki, nə olur-olsun, bu addımı atmalıyıq ki, ondan sonra ikinci addımı atmaq mümkün olsun. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, 1997-ci ilin yanvar ayının 13-də Ulu Öndər Heydər Əliyevin Fransaya səfəri oldu. O vaxtlar Ulu Öndərimiz Heydər Əliyevin iş proqramı hər zamankı kimi çox sıx olurdu. Hətta gecə saat 12-də belə iş rejimi bitməzdi. Ulu Öndər Heydər Əliyev Fransada səfərdə olan zaman ATƏT-in Minsk Qrupuna həmsədrlik məsələsi gündəmdə idi. Əgər həqiqətən də, Ulu Öndər Heydər Əliyev olmasaydı, ATƏT-in Minsk Qrupunun həmsədrləri də olmazdı və ümumiyyətlə, bu prosesi təşkil etməyə təşkilatçı da olmazdı. Ümummilli Lider Heydər Əliyev çox balanslaşdırılmış bir siyasət yürüdürdü və bütün addımlarını da cəsarətlə, mərdliklə atırdı. Əslində, ölkə başçısı üçün həyati problemlər çox mürəkkəb və böyük bir yük idi. Ulu Öndərimiz bütün işlərin öhdəsindən asanlıqla gəlirdi. Ölkəmizin, xalqımızın maraqlarını düşünür, onu təmin etməyi, qorumağı bacaran bir siyasətçi, əsl dahi, təkrarolunmaz bir şəxsiyyət idi. Onun dövründə paytaxtımızda, eləcə də, rayonlarımızda nə qədər quruculuq-abadlıq işləri aparılırdı. Ulu Öndərimiz Heydər Əliyevdən sonra baş verən ən mühüm, önəmli hadisələrdən biri də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi oldu. Ümummilli Lider Heydər Əliyevin ideya və ideologiyasını Prezidentimiz İlham Əliyev bu gün çox məharətlə davam etdirir. Azərbaycana gələnlər burada baş verən hər şeyi bir möcüzə adlandırırlar. Bütöv, müstəqil, suveren məmləkətimiz olan Azərbaycanda nə qədər yeniliklər, proseslər gedir. Fəxrlə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu təməl möhkəm və inamlı əllərdədir. Bu isə çox vacib məsələdir. Doğrudur, müəyyən bir müddətə qədər Azərbaycana müəyyən dəstək olundu, amma artıq bu gün Azərbaycanın o dəstəyə ehtiyacı yoxdur. Xalqımız müdrik xalqdır və öz dövlətini qorumağı da yaxşı bacarır. Onu da qeyd edim ki, bu gün bir çoxları tərəfindən səsləndirilən ərəb dünyasında baş verən iğtişaşları biz 1990-cı illərdə yaşamışıq. Artıq belə bir hadisəni Azərbaycan dövləti heç vaxt yaşamayacaq, heç bunu təkrarlamağa da cəhd göstərməsinlər. Ulu Öndər Azərbaycanı əsl fəlakətdən xilas etdi. Prezident İlham Əliyev də bütün iradəsini ortaya qoyaraq, Azərbaycanı inamla sabaha aparır, bu yolda hər birimiz Ona dəstək olmalıyıq.
Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri Yeni Azərbaycan Partiyası və qurduğu müstəqil Azərbaycan dövlətidir.
Daha çox xəbər:
Sumqayıt Dövlət Yol Polis İdarəsinin rəisi Şamxal Əliyev: Sumqayıt şəhərini ...
Gündəm1995-Cİ İLİN MART HADİSƏLƏRİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ QARŞI XƏYANƏTKARLIQ ...
Gündəm, Siyasət, CəmiyyətEldar Quliyev: Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummill ...
SiyasətBu gün Azərbaycan əlifbası və dili günüdür
ÖlkəBu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ...
Gündəm, Siyasət