Gündəm
08 iyun 2021
498
Millət Vəkili Cavanşir Paşazadə: Heydər Əlirza oğlu Əliyevin və onun layiqli davamçısı İlham Heydər oğlu Əliyevin Azərbaycan Parlamentinin inkişafında rolu...
"Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur".
Mübarizələrlə dolu şanlı tarixə malik Azərbaycan xalqının çağdaş dövlətçiliyinin təşəkkül tapmasında görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müstəsna yer tutur. Bu nadir düha bütöv bir xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə tarixi bir missiyanı uğurla yerinə yetirmiş fitri istedada malik siyasətçi və lider olduğunu bütün dünyaya nümayiş etdirmişdir. O özünün mütərəqqi dünyagörüşü ilə sabit dövlətçilik və müasir parlamentarizm ənənələrini formalaşdıraraq milli dəyərlər zəminində bugünkü dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmışdır.
Heç də təsadüfi deyil ki, milli tariximizin Heydər Əliyev dövrü Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcı kimi dəyərləndirilir. Dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə xalqımızın böyük oğlunun göstərdiyi qətiyyət və iradə onun sonsuz vətən sevgisinin parlaq nümunəsidir. Heydər Əliyev irsi xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu, ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Onun müasir dövlətçilik konsepsiyası tarixi ənənələri və bəşəri dəyərləri özündə birləşdirən yeni inkişaf modeli kimi bugünkü Azərbaycanın simasında öz əksini tapmışdır.
Heydər Əliyev uzaqgörən siyasətçi olduğunu hələ ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz bu dövrdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atıldı, məqsədyönlü siyasət sayəsində xalqın milli oyanışı üçün əlverişli şərait formalaşdı.
Sonralar - 80-ci illərin sonunda isə SSRİ adlı böyük bir məkanda baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin çoxsaylı problemlərlə üzləşmiş Azərbaycan XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Bütün çətinliklərə rəğmən xalqımızın xoşbəxtliyi onda idi ki, bu dövrdə onun Heydər Əliyev kimi milli lideri var idi.
Azərbaycanlılar öz tarixinin müəyyən dönəmlərində müstəqil dövlət qurmağa müvəffəq olmuşlar. Heç də təsadüfi deyil ki, müsəlman Şərqində parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda qoyulmuşdur. 1918-ci ildə Şərqdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizin ən yaddaqalan dövrlərindən birinin başlanğıcı idi. Həmin dövrdə demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində atılmış addımlar cümhuriyyətin əsas fəaliyyət istiqamətlərindən idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən də məhz Azərbaycan xalqının qurduğu cümhuriyyət olmuşdur. Ulu öndər belə bir fikri vurğulayırdı ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir.
Azərbaycanda parlamentarizm ənənələrinin inkişafına nəzər saldıqda görürük ki, hələ XX əsrin əvvəlində Rusiya imperiyasında ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini vermişdir. Rusiyanın dövlət dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli təəssübkeşliyi özünün həyat amalı hesab edən ziyalılar idi.
Sonrakı dövrdə Xalq Cümhuriyyəti parlamenti cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın dövlətçilik və milli şüurunun formalaşmasında mühüm rol oynadı, ölkə həyatının ən müxtəlif sahələrinə aid qanunvericilik aktları qəbul etdi. Müəyyən səhvlərə baxmayaraq, bu qurum ölkədə milli parlamentarizmin əsasını qoydu və bütün dünyaya nümayiş etdirdi ki, xalqımız hüquqi dövlət qurmağa qadirdir. Ulu öndər qeyd edirdi ki, bugünkü Milli Məclis Xalq Cümhuriyyətinin yaratdığı parlamentin varisidir.
2008-ci ildə parlamentin 90 illiyi ilə əlaqədar keçirilən Milli Məclisin yubiley iclasında ümummilli liderin parlamentarizm ənənələrinin inkişafının dövlətçilik baxımından əhəmiyyəti barədə fikirləri dəfələrlə vurğulanmışdır.
Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq, müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə Azərbaycanda parlamentin qəbul etdiyi qanunlar kommunist partiyasının ideoloji məqsədlərinə xidmət edirdi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəldə bildi.
Bu dövrdə Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə respublikada aparılan quruculuq işlərinin hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. Ulu öndər parlamentin cəmiyyətin həyatındakı rolunu yaxşı bilir, Azərbaycan SSR Ali Sovetinin deputatı və ölkənin rəhbəri kimi ali qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət göstərirdi. O, parlamentdə bu dövrə təsadüf etmiş IX, X və XI beşilliklərin proqramlarının təsdiq olunmasında və hər il respublika büdcəsinin qəbulunda yaxından iştirak edir, parlamentarizm ənənələrinin bərpası və inkişafı üçün əlindən gələni əsirgəmir, bu məsələ ilə bağlı tövsiyələrini verirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin tribunalarından müdrikliklə istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini Azərbaycanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi.
Bu siyasətin məntiqi nəticəsi kimi kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana demokratik və azad düşüncə tərzi, milli özünüdərk duyğusu gətirdi. O dövrdə keçmiş İttifaqın aparıcı təhsil ocaqlarında gənclərimiz lazımi ixtisaslara yiyələndilər, milli kadr korpusu formalaşdı. Həmin illərdə, sonralar SSRİ rəhbərliyində təmsil olunduğu vaxtlarda Heydər Əliyev Azərbaycanı yüksəkliklərə qaldırmaqla özü də dünyanın görkəmli siyasi və dövlət xadimlərindən birinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev tariximizin bu dövrünü belə şərh edir: "O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir".
Əslində, Heydər Əliyevin 30 ildən artıq siyasi hakimiyyət dövrü tariximizin ən parlaq səhifəsini, ölkənin inkişaf mərhələsini təşkil edir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşməsi məhz ulu öndərin şərəfli adı ilə bağlıdır. Bu baxımdan Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanın Ali Sovetinə sədr seçilməsi ölkənin ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu dövrdə öz dövlət müstəqilliyini yeni elan etmiş Azərbaycanın qarşısında mühüm tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrkü iqtidar baş verən proseslərdən düzgün nəticə çıxara bilmədi. Torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Dağlıq Qarabağ məsələsi erməni ideoloqları tərəfindən süni şəkildə şişirdilərək beynəlxalq arenaya çıxarıldı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkə anarxiyaya sürüklənir, ekstremist meyillər getdikcə güclənirdi. Azərbaycan vətəndaş müharibəsi kimi real təhlükənin bir addımlığında idi.
Belə bir vaxtda Heydər Əliyevin ölkə parlamentinə sədr seçilməsi - onun siyasi hakimiyyətə yenidən qayıdışı xalqda gələcəyə ümid yaratdı. Sonrakı proseslər göstərdi ki, bu qayıdış müstəqillik tariximizdə keyfiyyətcə yeni siyasi bir eranın başlanğıcı idi.
Heydər Əliyev müdrik dövlət xadimi kimi parlamentin milli dövlətçilik sistemində yerini və rolunu lazımınca dəyərləndirir, ölkə qarşısında duran məsələlərin həllində qanunverici orqanın imkanlarından maksimum yararlanmaq nümunəsi göstərirdi.
Ali Sovetin Sədri kimi ulu öndər ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ulu öndər parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 10-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" qanun qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi. Ümumiyyətlə, bu dövrdə 120-dən artıq qanun və qərar qəbul olundu. Bütün ölkə əhalisini narahat edən məsələlərin parlamentdə ilk növbədə müzakirə edilməsi adi hala çevrildi.
Heydər Əliyev bu dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. O, parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər qısa vaxtda aradan qaldırıldı.
Ali Sovetin sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikir mübadiləsi aparırdı.
Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, ulu öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Heydər Əliyev Prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxlamış, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəməmişdir.
Ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi tezliklə Azərbaycanı davamlı inkişaf yoluna çıxartdı. Bu dövrdə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ölkəmiz Avropa Şurası kimi mötəbər beynəlxalq qurumların tamhüquqlu üzvü oldu. Müstəqil Azərbaycanın birinci çağırış Milli Məclisinə seçkilər keçirildi, bələdiyyə institutu yaradıldı, həyatın bütün sahələrində köklü islahatlar aparıldı. Onun təşəbbüsü ilə parlamentdə ilk kövrək addımlarını atmaqda olan müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə başlandı.
Siyasi islahatlar cəsarətlə davam etdirilirdi. 2002-ci ilin avqustunda keçirilən referendumda parlamentə seçkiləri daha da demokratikləşdirmə məqsədilə seçkilərin birmandatlı dairələr üzrə aparılması qaydası müəyyən edildi. Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi.
Ulu öndər hüquqi dövlət quruculuğu prosesində parlamentlə sıx əlaqə şəraitində böyük uğurlara nail oldu. Statistikaya müraciət etsək, görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir.
Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçid dövrünü arxada qoymuş ölkəmizin iqtisadi inkişaf modeli bütün dünyada təqdir olunur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Keyfiyyətcə yeni mərhələdə ölkə Prezidenti vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt hesab edərək demişdir: "Siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq".
Dövlətçilik sistemində mühüm yer tutan Azərbaycan parlamenti dövlət başçısı tərəfindən ölkədə aparılan quruculuq işlərinə, islahatların həyata keçirilməsinə öz səlahiyyətləri çərçivəsində dəstək verir. Azərbaycanda çox qısa zaman kəsiyində sivil ölkələrə məxsus sosial ədalət prinsipinə söykənən müasir cəmiyyətin yaradılmasına Milli Məclis də öz töhfəsini vermişdir.
Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu və qüvvədə olan aktların təkmilləşdirilməsi həmişə Milli Məclisin diqqət mərkəzində olmuşdur. Parlamentin ictimai-siyasi həyatda baş vermiş köklü dəyişiklikləri nəzərə alaraq 2009-cu ilin martında Konstitusiya islahatları ilə bağlı referendum keçirilməsi barədə qərarı bunun bariz nümunəsidir.
Hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir.
Ötən illərdə Milli Məclis parlamentarizm ənənələrini inkişaf etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Parlamentdə qəbul olunmuş sənədlərin əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İlham Əliyev hələ Azərbaycan parlamentinin deputatı olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin qanun yaradıcılığı işində yaxından iştirak etmiş, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə öz layiqli töhfəsini vermişdir. Ulu öndərin siyasi varisi kimi İlham Əliyev parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq miqyasda təsdiqləməyə nail olmuşdur.
İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri olduğu dövrdə formalaşmış parlament diplomatiyası ənənəsi bu gün deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla davam etdirilir.
Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, Türkdilli Ölkələrin Parlament Assambleyasının tamhüquqlu, NATO Parlament Assambleyasının isə assosiativ üzvüdür. Milli Məclis Avropa Parlamenti, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində yaradılmış Avronest parlament təşkilatı və digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak edir, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar.
Beynəlxalq əməkdaşlıq müstəvisində aparılan bu siyasət artıq öz bəhrəsini verməkdədir. Heç də təsadüfi deyil ki, Avropa Parlamenti, o cümlədən İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunvericilik orqanları Cənubi Qafqazla bağlı qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər. Bütün bunlar Azərbaycan parlament diplomatiyasının uğurlarından xəbər verir.
Parlamentdə 70-dən çox ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu qruplar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayırlar.
Azərbaycan Prezidenti deputatlara günün tələbləri səviyyəsində iş şəraitinin yaradılması məqsədilə Milli Məclisdə deputat köməkçisi institutunun təsis edilməsinə böyük dəstək vermişdir. Bu isə özlüyündə Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsində mütərəqqi meyillərin üstünlük təşkil etməsi ilə bağlıdır.
Ölkə başçısının təşəbbüsü və qayğısı ilə Milli Məclisin siması tamamilə yenilənmişdir. Parlamentin binası və maddi-texniki bazası yenidən qurulmuşdur. Deputatların səmərəli fəaliyyəti üçün yeni korpus istifadəyə verilmişdir. Milli Məclisə gələn xarici qonaqlar parlamentdə deputatlar üçün yaradılmış şəraitə heyran qaldıqlarını dəfələrlə vurğulamışlar. Burada müasir İclas zalı, ümummilli lider Heydər Əliyevə həsr olunmuş Xatirə zalı, zəngin kitabxana vardır. Milli Məclisdə müasir informasiya texnologiyaları uğurla tətbiq olunmaqdadır. Elektron qanunvericilik bazasının yaradılması bu sahədə mühüm nailiyyətlərdəndir.
Xalqımızın Heydər Əliyev ideallarına yüksək inamının bariz nümunəsi oldu. Milli Məclisə azad və demokratik seçkilərin keçirilməsi son illərdə qazanılmış nailiyyətlərin qorunub saxlanılması, mütərəqqi qanunların qəbulu baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev son parlament seçkilərini ölkənin demokratik, hüquqi və siyasi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmişdir: "Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək, Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır".
Bu gün Azərbaycanda hakimiyyətin icra və qanunverici orqanları arasında konstruktiv əməkdaşlığın mövcudluğu, əsası ümummilli lider tərəfindən qoyulmuş yüksək səviyyəli Prezident-parlament münasibətlərinin uğurlu davamı vahid dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Parlamentarizm ənənələrinin inkişafını Azərbaycanın gələcəyi baxımından önəmli hesab edən ölkə başçısı bunu sivil dövlətə xas mühüm amil kimi dəyərləndirib: "Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir".
Daha çox xəbər:
Sumqayıt Dövlət Yol Polis İdarəsinin rəisi Şamxal Əliyev: Sumqayıt şəhərini ...
GündəmMasallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyev: Heydər Əliyev Azə ...
GündəmBakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Mehralıyev Rəf ...
GündəmBu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
ÖlkəMilli Məclisin növbədənkənar 8 İCLASI KEÇİRİLİB
Gündəm, Siyasət