Gündəm, Cəmiyyət, Ölkə
31 mart 2023
335
31 mart soyqırımı-XX əsrin unudulmayacaq vəhşiliyi
1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. Sovet dövründə bu faciə bizə unutdurulmağa çalışılsa da, son vaxtlar bu soyqırımı aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırılır. Məsələ ilə bağlı millət vəkilləri və politoloqlarımız “Səs” qəzetinə verdikləri açıqlamalarında vurğuladılar ki, 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan türklərinə və burada yaşayan digər xalqlara qarşı törədilən kütləvi qətllər ona qədərki dövrdə yeridilən siyasətin nəticəsi idi və bu nəticə sonralar çoxlu faciəvi hadisələrə səbəb oldu.
Ermənilər azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasəti həyata keçiriblər. Bu cür vəhşilik aktlarından biri də 1918-ci ilin martın 18-də törədilib. 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. Soyqırımı siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər. Bunun nəticəsi olaraq Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Təkcə milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli-memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib.
1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Onu da bildirim ki, son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həllinin vacibliyini önə çəkmişlər. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev isə öz çıxışlarında ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə, Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını dönə-dönə açıq bəyan edir. İnanırıq ki, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin verdiyi Fərmanı ruslar Azərbaycanın genosid konsepsiyası kimi qəbul edib. Bu Fərman daxilə hesablanmış sənəd deyil. Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, biz ermənilərdən fərqli olaraq, soyqırımı ilə xaricdən özümüzə maliyyə yardımı almaq deyil, həqiqəti dünyaya çatdırmağa çalışırıq. Məşhur fransız diplomatı Lores deyir: “Danışmaq lazımdır ki, həqiqət açılsın”. Bu gün danışsaq da, mövzu ətrafında müxtəlif fikirlərin səsləndirilməsi düzgün deyil. Türkiyənin arxivlərində Naxçıvan, Dərələyəz, Borçalı, Qərbi Azərbaycanda əhalinin qırılması ilə bağlı hər cür sənədlər var. Onların bir hissəsini biz əldə etmişik. Həmin sənədlərdə Naxçıvanın kənd-kənd məhv edilməsi qeyd olunur. Təkcə Şərurda 15 kəndi məhv ediblər. O cümlədən, Dərələyəzdə 57 min azərbaycanlını qətlə yetiriblər. Məsələ odur ki, bunların hamısı arxiv materallardadır. Bunu kənara qoymaq düzgün taktika deyil. Türkiyə bu dəqiqə çətin vəziyyətdədir. Milli Məclis ABŞ-ın Əfqanıstanda, İraqda, Cənubi Koreyada, ingilislərin Hindistanda və digər yerlərdə törətdiyi soyqırımları gündəmə gətirmir? Bunları ən azı demək lazımdır. Bütün bunların hamısı bir növ Türkiyəyə köməkdir. Biz isə nədən danışırıq? Bir hissəmiz iqtidarda səhv axtarırıq. Ermənilərdə belə şey yoxdur. Malevin deyir ki, ermənilər 3 taktikadan istifadə edirlər. Birincisi, tarixin yenidən yazılmasını, ikincisi isə, ermənilər haqqında guya gizli qərarların çıxarılması ilə bağlı tezisləri gündəmə gətirirlər. Üçüncüsü, onlar hüquqla əxlaqı qəsdən dəyişdirmək yolu tuturlar. Varan yazır ki, mənim üçün ən böyük, gözəl şey o idi ki, müsəlmanları quyulara ataraq, onların üstlərini daşlarla doldurmaq idi. Bu, mənə ləzzət verirdi. Yazır ki, Qubada baş verən hadisələrdə təkcə 3 min adamı mən özüm öldürmüşəm. Lalayan 1936-cı ilin “Revalyutsyonnıy Vostok” jurnalının 2-ci və 3-cü nömrəsində 1918-1920-ci illərdən yazıb. Bu şəxs rəsmən boynuna alıb ki, Qərbi Azərbaycanda 959, Şamaxıda 50, Qubada 122, Qarabağda 150, Basarkeçərdə 155 Azərbaycan kəndləri yerlə yeksan olunub. Bunların hamısı tarixi faktdır. 1985-ci ilin may ayının 15-də 69 Amerika alimi həm “Vaşinqton Post”, həm də “Nyu-York Tayms” qəzetinə açıq məktub göndəriblər ki, erməni soyqırımı olmayıb. Azərbaycanın çox gözəl düşüncə tərzi var. Biz tariximizi təzələməliyik, milli şüurumuzu dəyişməliyik.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
Əvəz Qocayev
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini
Daha çox xəbər:
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırımı aktı
Gündəm, Cəmiyyət, Ölkə, Sosial31 Mart - Azərbaycanlıların soyqırımı
Gündəm, Cəmiyyət, Ölkə, SosialErmənilərin Şamaxıda törətdikləri soyqırımından 103 il ötür
HadisəRafael Mehrəliyev: Xocalı soyqırımı - qan yaddaşımız!
Cəmiyyət